2022-ci ildə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin öz aralarında həyata keçirdiyi ixracın dəyəri 33 milyard ABŞ dolları olub.
“Report” xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda bildirib.
Onun sözlərinə görə, bunun 3,8 milyard ABŞ dolları kənd təsərrüfatı məhsullarının payına düşüb:
“Bu isə yetərli deyil”.
Bundan başqa, nazir deyib ki, ötən il Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ümumi ixracının dəyəri 537 milyard ABŞ dollarını keçib:
“Ticarət sahəsində önəmli bir potensiala sahibik. Bu potensial təşkilata yeni üzvlərin daxil olması ilə daha da genişlənib”.