“Türk dünyasının birliyi, həmrəyliyi hazırkı dövrün əsas çağırışlarından biridir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputatın sözlərinə görə, tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır:
“Qürurverici haldır ki, hazırda türk dünyasının birliyinə, həmrəyliyinə Qarabağımız, Şərqi Zəngəzurumuz şahidlik edir və bu məkanlardan dünyaya mesajlar ünvanlanır. Bu baxımdan avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfəri mühüm məqamları ilə yadda qaldı.
M.Həsənov bildirib ki, Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da Azərbaycan və Özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub: “Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr möhkəm təmələ əsaslanır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. O illərdə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin imzalanması əlaqələrin daha da möhkəmlənməsində hüquqi baza oldu. Ümumilikdə bugünədək iki ölkə arasında imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi bazadır”.
Malik Həsənov təkcə Özbəkistan Prezidentinin avqustun 22-də reallaşdırdığı səfər çərçivəsində 20 sənəd imzalandığını qeyd edib.
Parlamentari diqqəti Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Şuşa şəhərinə səfərinə də yönəldib:
“Türk dünyasının mədəniyyət paytaxtından dünyaya birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan daim bu birliyin möhkəmləndirilməsində maraqlı olub və atdığı addımları ilə böyük töhfələr verir. Türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsi ümumilikdə böyük ailə kimi dəyərləndirilən türk dünyasının həmrəyliyinə töhfədir. Artıq Şuşa diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Ümumilikdə səfər Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf tarixində yeni səhifənin başlanğıcı oldu.-
Millət vəkili işğaldan azad edilmiş ərazilərimizin çal-çağırlı anlarını yaşaması fonunda bu mühüm məqamı da bildirib ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın şəhəri günüdür:
“2023-cü ildə Böyük Qayıdışın sevincini yaşayanlar arasında laçınlılar da var. Laçın şəhərinə soydaşlarımızın qayıdışı mərhələli şəkildə həyata keçirilir. Avqustun 25-i 20 ailə Zabux kəndinə qayıdır. Hər bir qayıdış tezliklə Böyük Qayıdışın tam şəkildə başa çatacağına stimuldur. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir”.