Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

Müstəqil.Az tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minə xanım Nuriyeva-Təkləlinin Rusiya ərazisindəki tarixi türk şəhərlərindən dolğun məlumat verən “Türk Kitabı. Unudulan Tarix…” kitabının hissə-hissə davamlı olaraq byayınına başlayırş

  Kitabda tarixən Türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu Türk torpaqlarında bir neçə yüz illər boyunca    adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski Türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur.

Öz geniş köksündə qədim türk kitabələrini- yazılı yazısız şahid abidələri, torpaqlar altında yatan əcdadlarımızın türk əzəmətini dağa çevirən kurqanlar daşlarda türk imzası – tamğalar… İndi yad hüdudlara sığınmış və ya əslindən kökündən şübhəli, amansız bir soyuqluqla ayrılıb qopan, dəyişən-dəyişdirilən türk soylarının ana yurdu yadigarları nə qədər, hüznlü dayanıb dursalar da göz dağı olmaq qədər canlı faktlardır.

 Sibir Türk şəhəri Aba Tura

Aba Tura (müasir Novokuznetsk) Kemerevo vilayətində (Qərbi Sibir, Rusiya) iri metallurgiya şəhəri. Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkarı (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). Bununla bərabər, 1617-ci ildə kazaklar Aba Turanı tutub, ora yerləşərək onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı. Prof. Abdulkadir Donuk türk dövlətlərində istifadə edilmiş qədim hərbi ünvan və rütbələr barəsindəki tədqiqlərində Aba (Apa) ünvanının Orxon abidələrində “baş komandan” mənasında işləndiyini göstərərək Kuman-qıpçaqlarda və oğuzlarda yayqin bir ad kimi qullanıldığından, hətta ayrıca Çindəki türk (uyqur) elçisinin Kül Buyrukun “Apa” ünvanı daşıdığından bəhs etmişdir (1, s.2) Aba Tura şəhəri adındakı tura mənaca “tura-dayanacaq, düşərgə, məskən; Aba Tura “abalıların şəhəri” deməkdir. Yağmaçı kazaklar şəhərin əsil adına etina etməyərək onu öz bildikləri şəkildə Kuznetsk (Dəmirçi məskəni) adlandırırdılar. Çünki onlar buraya gələrkən Abalıları dəmirçi, mahir dəmir ustası kimi tanımışdılar. Hərb qalası Aba Tura 1622-ci ildə şəhərə çevrilir. Belə ki, tezliklə bu ərazilərdə zəngin metal mədənləri olduğu məlum oldu. Bundan sonra şəhərin Aba Tura türk adı dəyişdirilərək Kuznetsk adı ilə (“dəmirçilər şəhəri” deməkdir) əvəz olundu(2. 47). Şəhər 1932-ci ildən 1961-ci ilədək Stalinsk adı ilə yaşamışdır. Nəhayət Stalinin xatirəsinə qoyulmuş adların ləğvi kompaniyası ilə əlaqədar olaraq 1961-ci ildən şəhər özünün yeni adı – Novokuznetsk adı ilə məlumdur. Şəhərin qədim hissəsi Kuznetsk qalası və Abaqur əraziləri sayılmaqdadır.Şəhərdə kömür, kimya, maşınqayırma və ağac emalı sənayesi inkişaf etməkdədir. Hazırda Rusiyanın ən böyük metallurgiya mərkəzlərindən biridir. Hazırda şəhərin əsas əhalisini ruslar təşkil edir; burada tatarlar və çuvaşlar, Azərbaycan türkləri də yaşayır

1 Abdulkadir Donuk. Eski türk devletlerinde idari-askeri ünvan ve terimler, İstanbul, 1988

2.Саттаров Г.Ф. Ойкономические термины со значением «город» и «село» в истории татарского языка и топонимии. – Советская тюркология, 1988, № 1, с. 47-58

 

                  Açinsk AçıkTura –Sibir Türk şəhəri

 

Açıq tatarları

Açıq Tura əvvəllər Ak Yus çayının üzərində tatar kəndi kimi tanınırdı. Şəhərin adı “Açıq” türk etnonimi ilə bağlıdır. Belə ki, müasir xakasların köhnəlmiş adı Açıq tatarları olmuşdur.Yerli tatarlar isə hələ də öz şəhərlərinə Aşıq Tura deyirlər. Bu gün Açıq Tura – Açinsk Krasnoyar (tarixi Kızıl Yar) ölkəsinə bağlı bir şəhərdir. Açıq Tura ərazilərindən üstü türk – runik yazılı heykəllər, digər maddi mədəniyyət nümunələri tapılmışdır.Rus qalası Açinskin tarixi Sibir xanlığının (Ak Ordanın) Rus dövləti idarəsinə keçməsi tarixi ilə başlar. 1586 ildə İrtış-Ob-Yenisey çayları hövzəsinə artıq kazak keşikçiləri yiyələnmişdilər; Noqay-qırğız xanı Kuçumun məğlubiyyəti ilə geniş Sibir torpaqlarının istilası gedişində  hərbi rəis Tuquçevski tərəfindən 1641-ci ildə yerli əhaliyə qarşı Açinskiy adı altında hərbi qalanın əsası qoyulur. Qala  istilaçı bir məqsədlə – Rusların bu torpaqlara sahiblənməsilə barışa bilməyən Yenisey qırğızlarına qarşı tikilmişdir.1641-ci ildə indiki yerinə – Aqra dağları ətəyində Çulım çayının sol sahilinə – ona Açı çayının (indi Açinka) töküldüyü yerə köçürülüb möhkəmləndirilir. Bu günkü Açıq şəhəri (Açinsk deyilir) Çulım və Tekmet (indi Tekmetka) çayları üzərində yerləşir. Bu zamandan bura Rusiyadan əhali köçürülməyə başlayır. Onlar burada geniş ərazilərə sahib olur, vergidən azad edilirdilər. 1782- ci ildə Açinsk qəza şəhərinə çevrilir(1, 95). Elə həmin ildə də adı Açinsk şəklində rəsmiləşdirilir. Şəhər ətratı çöllər Acı çölləri adlanır. Burada duzlu göllər vardır. Etimoloq M.N.Melxeev elə bunu əldə əsas tutaraq Açinsk şəhərinin adını acı “şor” sözü ilə (duzlu göllərilə) əlaqələndirməyə çalışır(2, 13). Dəyişdirilərək ruscaya uyğunlaşdırılan belə türk yer adları öz əslindən uzaqlaşmış və get-gedə şəkil və məzmun cəhətdən də adaptasiyaya məruz qaldığından yer adlarıyla bağlı aparılan araşdırma işlərini də daim çətinləşdirməkdədir. Türk elminə böyük xidmətləri göstərmiş və böyük qəlb sahibi olan P.Melioranski 22 aprel 1906-cı ildə “Coğrafi adları öyrənən komissiya”ya məruzə edərək yerli türk adlarının xəritədə rus dilinə məxsus şəkilçilərlə yazılmasının məqsədəuyğun olmadığını göstərir(3, 61). Rus imperiyasına ilhaq olunmuş ucsuz-bucaqsız türk ölkələrinin adlarının ucdantutma dəyişdirilməsi və ya saxlanıldığı halda belə ruslaşdırılması onun diqqətini cəlb etmiş, bu cəfakeş alim ölüm yatağında olduğuna baxmayaraq Kazan, Ufa, Orenburq qəzalarının yer adlarının katoloqunu fəaliyyətdə olan həmin komissiyaya təqdim etmişdir. Qırğızıstanın dağlıq hissəsində Açıq Taş kəndi (indi Aleksandrovski) ərazisində türk-runik əlifbalı yazılı daş var. Bu daşlar indi Ermitaj dövlət muzeyində saxlanılır. Çox şübhəsiz, Açıq Taş dedikdə yazılı daş, “kitabə” nəzərdə tutulur.Hazırda Açinsk bol sulu Ob nəhrinin sağ qolu olan Çulım, Salırka, TeptyakMazulka çayları arasında yerləşməklə iri sənaye şəhəridir. Şəhər sənayesinin mühüm sahələrini neftayırma və əlvan metallurgiya təşkil edir. Şəhərdə tatar əhalisi üztünlük təşkil edir; şəhər meri Ахmetov İlay Uzbekoviçdir.

  1. СЭС с.95.
  2. Мельхеев М.Н. Географические имена, М., 1961
  3. Благова Г.Ф. П.М.Мелиоранский и изучение тюркской топонимии. В кн.:

Тюркологический сборник, 1972

(davamı var)

Share: