(davamı. V təqdimat)
Müstəqil.Az tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minə xanım Nuriyeva-Təkləlinin Rusiya ərazisindəki tarixi türk şəhərlərindən dolğun məlumat verən “Türk Kitabı. Unudulan Tarix…” kitabının hissə-hissə davamlı olaraq byayınına başlayır.
Kitabda tarixən Türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu Türk torpaqlarında bir neçə yüz illər boyunca adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski Türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur
Beloreçensk. Kuban diyarının Ak Suv şəhəri.
Əski Ak Suv indiki adı Beloreçensk olan şəhər Krasnodar (Kara Sun) ölkəsinə daxildir və Kuban ilə Laba çayları arasında yerləşir. Şərqi Avropaya səfəri zamanı Kuban çöllərindən keçərkən 13 əsr səyyahı Gilyom de Rubruk “bu yerlərin komanlara vətən olduğunu, hazırda da koman-kıpçaqlarla dolu olduğunu” xəbər verirdi. Rubruk bu ərazilərdə gördüyü komanlara məxsus daş balballardan, habelə onların adət-ənənlərindən bəhs edir(1, s. 80). … Böyük Qafqaz dağları silsiləsində başı həmişə qarla örtülü olan Oştan dağından buz kimi soyuq sulu çeşmələrdən öz mənbəyini götürən Ak Suv (Aksu) çayı yolu üzərindəki qayaları, uçurumları qət edə-edə Kuban ovalığına yetişir, nəhayət yavaşıyır, öz tər-təmiz suları ilə bağları, bostanları seylab edirdi. Bu düzdə üzərində yerləşdiyi çayın adı ilə adlanan Aksu qəsəbəsi yerləşirdi. Aksu çayı keçən yüksəkliklərdən biri də eləcə Aksuv keçidi (İndi Beloreçenskiy pereval) adlanırdı. Deyilənlərə görə uzaq keçmişdə qədim skiflərin Aksu aşırımından Maverayi Qafqazda Aksu çayı boyunca uzanan hərəkət marşurutlarından biri keçirmiş. Bu mənada tarixi Aksu qəsəbəsi böyük keçmişə malikdir. Aksu kurqanlarından (qəsəbəyə çox yaxın olan ərazilərdə 53 zəngin kurqan-onlardan 35-ində kişi, 18- ində qadın dəfn olunmuşdur) tapılan əşyalar bu torpaqlarda mövcud olmuş qədim mədəniyyət barədə mühakimə yürütməyə əsas verir. Sərdabələrdən əldə edilmiş qızıldan bəzək əşyaları qədim sənətkarların həqiqətən nümunəvi bədii yaradıcılığını sübut edir. Burada tapılmış məişət əşyaları, qabların çoxu qızıldandır; mis tabutda belə dəfn olunmuş sərkərdənin qəbri aşkar olunmuşdu. Kurqanların əksəriyyəti Qızıl Orda dövləti dövrünə aid edilir. Aksudan tapılmış qiymətli nümunələr Moskva Tarix Muzeyində, Dövlət Ermitajında (Peterburq) mühafizə olunur. Rusların bu yerlərə gəlişi 16-cı əsrin ortalarına təsadüf edir; daha dəqiq desək, ruslar bura ilk dəfə 1557-ci ildə ayaq basırlar. Astarxan xanlığını işğal edib ləğv etdikdən sonra İvan Qroznı dərhal qapıları üzünə açılan bu torpaqlarda möhkəmlənməyi qarşıya məqsəd qoydu. Uzun illər bu fakt Qafqaz xalqlarının – çərkəz, adıgöylərin, kabarday, balkar, qaraçay…. xalqlarının Rusiyaya könüllü ilhaqı tarixi kimi daxil olmuşdur. …1791-ci ildə Rus-Türk müharibəsinin bitməsi ilə bərabər Kubarun dağ ətəyi düzənlik sahillərinə köçürülmələr başlanır. İlk dəstə olaraq buraya kazak ailələri köçürülüb yerləşdirilir. Zaporojye Seç qurumunu ləğv edən II Yekaterina və sevimlisi baş komandan knyaz Potyomkin yenicə bitən müharibədə canfəşanlıq göstərmiş kazak birliklərini mükafatlandırmaqda idilər. Köhnə Aksu kəndindən azca aralıda möhkəmləndirilən yeni kazak qalasına çayın adının tərcüməsi ilə “Belaya” adı verdilər. Beloreçensk stanitsasının adı ilk dəfə Qafqazdakı rus ordusu 332 saylı əmrində çəkilir: Xan keçidində Xan stanitsası, Belaya çayı üstündə Beloreçensk stanitsası yaradılsın. 1852-dən buraya rus kəndlilərinin ilk dəstələri gətirildi və yerli əhalinin çoxunluqla Türkiyəyə köçməsi səbəbi ilə rusların bu diyara köçürülməsi sürətlənir, 1862-ci ildə isə keçmiş qalanın yerində Beloreçensk staniçsası salınır(2, 125). 1958-ci ildə isə qəsəbə şəhərə çevrilir. Adıq çərkəzləri şəhərə Şit kala deyirdilər. Şəhərətrafı Gəncə, Kuban, Dikmas, Xan kənd (stanitsa) adları diqqət çəkir. Aksu kurqanlarının kəşfi günümüzdə də davam edir. 70-ci illərin axırlarında Beloreçensk (Aksu) yaxınlığında kanal qazıldığı zaman bürünc dövrünə aid kurqan aşkar edilmişdir. Öz doyüşçü geyimindəcə dəfn olunmuş (onun qəbri staniçanın tən ortasında yerləşirmiş) hərbçinin məzarı quyu qazarkən üzə çıxarılmışdır (3,11). Yerli tarixlə olaqəsi olmayan, artıq 200 ildən bəri bu ərazilərdə köçüb yaşayan “gəlmələr” hələ də işğalçı kimi bu torpaqların tarixinə etinasız və soyuq münasibət bəsləməkdədir; tarixi abidələr adi təsərrüfat ehtiyacı üzündən məhv edilməkdədir. Yenə hündür mərtəbəli bina özülü qazılarkən açılan kurqandan tapılan orijinal əşyalar Aksu yaşayış məntəqəsinin özünün kiçik miqyasına sığmayan geniş və dərin tarixindən söz açır.
- Gilyom de Rubruk. Puteşestvie v Vostoçnıe stranı, (çeviren: Malein A.İ.) Moskva, 1957.
- Bolşaya Sovetskaya Ensiklopediya, (30 ciltte)
- Е. Кlаmvotskiy E. Bеlоrеçеnsк, Кrаsnоdаr, 1981
Kaynak: Minehanım Tekleli. Türk kitabı. Unutulan Tarih. Degiştirilen Adlar, Bakı, Nurlar yayınları, 2009, (s.22-24)
Ak suv kazakları 19yy. sonları
Ak suv (Belaya) çayı mənzərəsi