Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

(davamı. V Itəqdimat)

Müstəqil.Az tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minə xanım Nuriyeva-Təkləlinin Rusiya ərazisindəki tarixi türk şəhərlərindən dolğun məlumat verən “Türk Kitabı. Unudulan Tarix…” kitabının hissə-hissə davamlı olaraq byayınına başlayır.

  Kitabda tarixən Türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu Türk torpaqlarında bir neçə yüz illər boyunca    adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski Türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur

Türk nəsli Aktaçıların adını saxlayan coğrafi məkanlar

Kırımda Kır Aktaçı (indi: Darevka; kır-ağacsız yer, tala, çöl), Büyük Aktaçı(Qarşino), Küçük Aktaçı (indi: Kulikovka), Aktaçı Kaban (indi: Volnoe), Aktaçı (indi: Furmanovka), Buzav Aktaçı (indi: Urojaynoe) kimi adları daşıyan məntəqələr olmuşdur. Kırım xanları sarayında aktaçı  “mehtərbaşı” (ştalmeyestr) görəvi də olmuşdur. 

Axtaçılar türk tayfalarından biri kimi bəzi ərazilərdə hələ də öz tayfa müstəqilliyini saxlamaq səviyyəsindədir: “Axtaçılar Tyan-Şan dağlarının ətəklərində yaşayan qırğızlarda və hazırda Özbəkistanın Fərqanə vilayətindəki qıpçaqlarda bir tayfadır (1, 37). Axtaçı  etnooykonim olaraq “atabaxan, mehtər”deməklə bərabər geniş mənada əsas məşğuliyyəti atçılıq olan tayfanı nəzərdə tutur (2, 35)İndi Fərqanə vilayətindəki Axtaçı və Axtaxana kəndlərinin adı, habelə Uyğurustandakı Aktaçı kənd adı  həmin tayfadan bir yadigar təzahürüdür. Bu adın bu qədər geniş ərazilərə yayılması onun areal toponimlər cərgəsinə aid edilməsinə şərait yaradır. Təəssüflə qeyd etməliyik ki, öz təyinediciləri ilə işlənən bu toponimlər get gedə “aşınmalar”a məruz qalmış, özünün informatik və tarixi dəyərini itirmişlər; bu mənada tarixən – 19 əsrə aid mənbələrdə Çol Axtaçı(Ağsu r.), Axtaçı Yekəqurşaqlı, Axtaçı Binə(Kürdəmir r.), Axtaçı Səlyan, Axtaçı Sultanbəyli, Axtaçı Kəkəli şəklində işlənən (2, 35) yaşayış məntəqə adları ixtisar şəklində – Axtaçı olaraq tək istifadə olunur. Yurdumuzun köksündə Axtaçı Şirvan, Axtaçı Muğan, Axtaxana, Axtaçı həm də Cənubi Azərbaycanda (Urmiyə bölgəsində) yaşayış məntəqələri adları yaşadılmaqdadır.        Bundan başqa Oğuz türklərinin yurdu olan müasir Ermənistanda tarixi Axta adı Çarensavan adı ilə, Axtaxana Dzorostan, Aşağı Axta isə Hrazdan şəhəri adı ilə əvəz olunmuş, Axta Çul qışlağı da yaşayış məntəqəsi  olaraq 1930 illərdə  ləğv edilmişdir. Yeni adı sadəcə Axtaçı  olaraq sabitləşən  adın əlavəsi olan komponentlər bu tayfanın böyük bir qolunu təmsil etməklə Azərbaycanda böyük Padarların güclü bir tirəsi olan Axtaçıların özünün böyüklüyünü ifadə edirdi. Təəssüf hissilə qeyd etməliyik ki, belə lazımi etnoqrafik dəyərə malik olan adlarımızı lüzumsuz bir əlavə kimi tarixdən silmişlər.Türk xalqlarının böyük ana yurdunda səpələnmiş belə paralel adlar Türk coğrafiyasının davamlılığını, geniş arealın özünün əlaqədarlığını; Türk xalqlarının sürətli və böyük miqrasiyalarının nəticələri olaraq isə onların malik olduğu etnik təfəkkür, qədim məşğuliyyət və həyat tərzindəki eyniliklərin yadigarıdır. Areal toponimlər türk xalqlarının malik olduğu ictimai-siyasi və mədəni əlaqələrin qədim tarixindən və möhkəmliyindən xəbər verir.

  1. Şahbazov İ. Coğrafi adların xəritəsi, – “Elm və həyat”, 1979, №1, s.37.
  2. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I c., Bakı, Şərq-Qərb, 2007

 

Sevastopol. Hərb limanı Aktıyar.

Sivastopol önündə yatan gəmilər,

Atar nizam topun yerlə gök inlər.

…dere yalısında sıra sögütlər

Oturmuş yüzbaşı nizam ögütlər     

(Sevastopol marşı) 

Aktıyar və ya Akyar 1783-cü ildən Sevastopol; Kırım  vilayətində (Ukrayna) şəhər. Artıq 1768-1774-cü illər Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdı. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyəcanları get-gedə şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi.Odur ki, II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. Bu həyəcanlarını yatırtmaq, yerli xalqları ram edib susdurmaq üçün ruslara güclü qala və hərbi liman lazım idi. Suvorov sıldırımlı sahilləri, ağ təbaşir daşlı yarğanların üstündəki Axtiyar kəndinin və böyük buxtanın üstünlüklərini dərhal qiymətləndirə bildi və bunu imperatriçəyə bildirdi. Beləliklə, 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi bərk etibar etdiyi sevgilisi general Q. A. Potyomkinə “indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair” göstəriş verdi.(1, s.152). Yekaterina artıq Kırımın adının belə dəyişdirilməsinə, Tavriya adlanmasına dair sərəncam göndərmişdi, öz sevimlisi Potyomkini də “Knyaz Tavriçeski” şöhrətli titulu ilə mükafatlandırmışdı.  Rus idarəsinə keçməklə coğrafi adların dəyişdirilməsinə rəğmən tarixi əsərlər öz səhifələrində yerin əsl türk adını saxlamaqdadır: Kırımda qoşuna komandanlıq edən A. V. Suvorov Aktiyar buxtasını sahilində batareya qurmaq üçün əmr verdi. (A. M. Andruşenko. Admiral Uşakov) Yazıçı kitabın bu adla bağlı şərhində yazırdı: Axtıyar buxtası sahildə yerləşən kiçik tatar kəndinin adı ilə adlanırdı. Axtiyar tatarca “Təbaşir daşlı ağ yarğan” deməkdir. Daha sonra buxta da Sevastopol adı ilə adlandı. Oleq Mixaylovun “Suvorov” tarixi romanında oxuyuruq: “Kırımın özündə sakitlik idi, amma Aktiyarda, gələcək Sevastopol reydində hələ də türk gəmiləri durmaqda idi.” Yaxud, “Kırıma nümayişkaranə səfəri zamanı ikinci Yekaterina Avstriya imperatoru II İosif və xarici səfirlərlə 1787-ci ildə Aktiyara gəldi.” 1796-cı ildə hakimiyyətə gəlmiş rus çarı I Pavel hər bir sahədə olduğu kimi bu işdə də anası II Yekaterinanın əksinə getdi. Sevastopolun Aktiyar kimi əski şəkildə adlandırılmasına fərman verdi. (1797) Təxminən 30 il sonra hakimiyyətə gələn və bütün dövlət işlərində o cümlədən imperiyanın işğalçılıq istiqamətindəki tədbirlərində nənəsinin təcrübəsinə əsaslanan və onu təqdir edən I Nikolay (1825-1855) 1826-cı ilin aprelində Sevastopolun Aktiyar deyil, həmişəlik Sevastopol adlandırılmasına qərar verdi. Sevastopolda istehkamlar, kazarmalar, Rus-Türk müharibəsində ölmüş rus əsgərlərinin dəfn olunduğu “qardaş məzarlığı” bu qanlı istilanın yadigarları kimi durmaqdadır. Bu torpaqlara yunan adlarını yamamaq istilaçı idealogiyanın əsil hədəfi idi. Əlverişli miflər işə düşürdü. Mədəni adamların tarixi həqiqətləri bir yana buraxıb mənfəət və maraq sezilən “miflərlə” məşğul olması köklü istila taktikasıdır. Şəhərin yunanca adı Sevastopol Kırımı yunanlaşdırmaq kimi qorxulu məqsədlə bağlı olan “süni addır” deyə Maks Fasmer yazarkən bu adın bu yerlə, xalqla, bu xalqın tarixi ilə səsləşmədiyini nəzərdə tuturdu. Bu uydurma vaxtı ilə Xəzər dövətinin süqutundan sonra Kırıma (daha doğrusu sahillərinə, ticarət əhəmiyyətli limanlara) sahib çıxmış yunan kolonizatorlarının bu torpağın əsl sahibi olmalarına elmi dayaq yaratmaq məqsədləri ilə bağılıdır. Sevastopol- Sebastos “təzimə, səcdəyə layiq, müqəddəs; pol- “şəhər sözlərindən yaranmışdır. “Lakin qədim yunanlar burada heç vaxt belə vüqarlı ada layiq şəhər salmamışlar” deyə Lev Uspenski yazırdı.(2, 36). Bu torpağın hər qarışı öz köksündə Qızıl Qobu və skif mədəniyyəti izlərini hifz edib saxlayır. Şəhərin ətrafının türk adları-Balaklava, Tarxanqut, Temiryük və s. adlar keçmiş türk abi-havasını saxlayan və təsdiqləyən faktlardır.

  1. Валерий Ганичев. Ушаков, ЖЗЛ, М., Молодая Гвардия, 1990
  1. Лев Успенский. Слово о словах. Имя дома твоего, Лениздат, 1967
Share: