Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

        (davamı VIII təqdimat)

Müstəqil.Az tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minə xanım Nuriyeva-Təkləlinin Rusiya ərazisindəki tarixi türk şəhərlərindən dolğun məlumat verən “Türk Kitabı. Unudulan Tarix…” kitabının hissə-hissə davamlı olaraq byayınına başlayır.

  Kitabda tarixən Türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu Türk torpaqlarında bir neçə yüz illər boyunca    adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski Türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur

Öz geyimini özünə ad seçən qədim türk uruğları: AĞ BAŞ

Qədim türk tayfaları və uruğlarına xas olan diqqətəlayiq xüsusiyyətlərdən biri də onların geyim-gecilərinin öz adlarına çevrilməsi, yəni paltarın Türklər üçün fərqləndirici əlamətlərdən biri olmasıdır. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır. Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə edək: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı, Göy Çuxa və s. Ağ Baş adına gəldikdə deməliyik ki, qədim türk yazılı abidələrinin dilində, Ak Baş şəxsiyyət adı kimi də rast gəlinir. Böyük türk ellərinin coğrafiyası üzrə müşahidələrimizə əsasən deyə bilərik ki, Kırımda dəyişdirilərək itirilmiş Türk yer adlarından biri də Çernomorsk ilinə bağlı Ak Baş (1948-dən adı Vyaçeslavovka) adıdır. Ak Baş – Kabarda Balkarda kənd adı, Tatarıstan; Yatazun və Buqulma rayonlarında,  Perm, Bardadım ray.; Sverdlov vil. Nijnesergin ray.; Çelyabrnsk vilayətində də (Rusiya) kənd adlarıdır. Orenburq vilayətində Dımka çayının qolu Akbaş çayı, akbaş bitki və habelə müəssisə adları.  Bundan əlavə Ak Baş (Türkiyədə Van bölgəsi) və Neyva çayının (Yekaterinburq vilayəti) sol qolu Ak Baş (ka) çayı adlanır. Tovuz və Dəvəçi rayonlarında (Azərb.) kənd; Şəmkir rayonunda da 1936-cı ilədək Ağ Başlı kəndi olub. Zəngilan ray. Ağbaşyurd dağı; Cənubi Azərbaycanda kənd və keçid adı…

Ağ Baş adında tarixi Qərbi Azərbaycan torpaqları sayılan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat r.) kənd; kəndin digər adı Xaraba Ağ Baş  idi. Digər Ağ Baş kəndi (qışlağı) Allahverdi rayonunda (indi: Tumanyan r.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır(1, 30, 355).    Müasir Moldovanın paytaxtı Kişinev şəhərinin adı 1436-cı ilədək mənbələrdə Ak Baş Keşenev kimi qeyd olunmuşdur (2, 85). “Ağ Baş” adının məna dairəsi genişdir; Radlovun lüğətində (1,93) “Ağ Baş” həm də “qırxq, təmiz (pak) baş, tatarların (müsəlmanların təmiz qırxılmış başlarına işarədir” deyə adın etnoqrafik təbiətinin daha bir maraqlı cəhəti açılır. Nəhayətdə, Ağbaşlar etnonimi Oğuzların tayfa adlarındandır(3, 17) Ruslardakı türk mənşəli soyadları içində Ak Baş, Ak Başev familiyaları da vardır…Əlbəttə, belə xarakterik və dolğun nümunələri qorumaq lazım idi; qədim ad xalqın yaddaşı, onun tarixinin, mədəniyyətinin vacib elementlərindən biridir. Xalqın yaşayış məntəqəsinin – yurdunun adına müdaxilə olunması onun tarixinə olan təcavüz kimi mənalandırılmalıdır.

  1. Bayramov İbrahim. Qərbi Azərbaycanın türk mənşəli toponimləriBakı,Elm,2002
  2. Дрон И.В.Является ли Кишинеу латинизмом или тюркизмом? – Советская

тюркология, 1989, № 1

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I c., Bakı, Şərq-Qərb, 2007
Share: