Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli dövlətlərin beynəlxalq badminton turnirinin qalibləri müəyyənləşib.
“Report”un məlumatına görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən idmançılar Şamaxı İdman Olimpiya Kompleksində beş kateqoriya üzrə yarışıblar.
Kişilərin şəxsi yarışının finalında badmintonçumuz Diki Pangestu türkiyəli Əmrə Laləyə 2:1 hesabı ilə qalib gələrək turnirin qızıl medalına sahib çıxıb.
Qadınların şəxsi yarışının həlledici duelində Türkiyə təmsilçisi Özgə Bayrak idmançımız Era Maftuhanı hər iki setdə üstələyib.
Kişilərin qoşa yarışında Sərhat Salim-Yusuf Ramazan (Türkiyə) tandemi Diki Pangestu-Muhammed Kadafi cütünə 2:1 (20:22, 24:22, 22:20) hesabı ilə qalib gəlib.
Qadınların qoşa yarışında türkiyəlilər İlayda Nur-Sare Ece finalda Aişa Zumabek-Nargiza Raxmatullayeva (Qazaxıstan) qoşasını hər iki setdə məğlub edərək, qızıl medal qazanıb.
Qarışıq qoşa kateqoriyasında badmintonçularımız Muhammed Kadafi-Era Maftuha həlledici görüşdə Buğra Aktaş-Sinem Yıldız (Türkiyə) tandemini 2:0 (21:19, 21:18) hesabı ilə məğlub edib.