
Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant müsabiqəsinin qalibi olub.
Müstəqil. az xəbər verir verir ki, Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yaxın vaxtlarda “Həssas qruplardan olan qadınların məşğulluğu: sosial sahibkarlıq və müasir çağırışlar” layihəsinin icrasına başlayacaqdır. Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Rəsmiyyə Abdullayevanın verdiyi məlumata görə, layihə çərçivəsində kitabın nəşri nəzərdə tutulur. Kitabda həssas qruplardan olan qadınların məşğulluğunun mövcud vəziyyəti və onların məşğulluq səviyyəsinin yüksəldilməsində sosial sahibkarlığın rolu qiymətləndiriləcək, habelə bu qruplardan olan qadınların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət və qeyri-dövlət sektorunda reallaşdırıla biləcək təşviq mexanizmləri araşdırılacaqdır. Kitabda, həmçinin həssas qruplardan olan qadınların əmək bazarının tələblərinə uyğun olaraq yenidən hazırlanması imkanları müəyyənləşdiriləcək, onların məşğulluq imkanlarının genişləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Layihənin icrasında Azərbaycanın tanınmış iqtisadçı alimləri – professor Nazim Müzəffərli (İmanov), dosent Allahyar Muradov və doktorant Mələk Əliyeva iştirak edəcəklər.
Müstəqil. az