Ona görə də heç nəyə məhəl qoymadan hərbi sahədə əməkdaşlığı ən pik həddə çatdırmalıyıq
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib ki, Türkiyə Silahlı Qüvvələri dost və qardaş ölkələrin hüquq və mənafelərini izləmək və qorumaq üçün mübarizəsini davam etdirəcək. Nazir vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və sərhədlər xaricində sona qədər haqq uğrunda çarpışacaq. Hər zamankı kimi Hulusi Akar Azərbaycanı xüsusi vurğulayıb: “Azərbaycanın haqlı mübarizəsində “gecə-gündüz”, “dağ-təpə”, “yay-qış” demədən “ölsəm şəhid, qalsam qazi” anlayışı ilə yanında olacağıq”. Türkiyənin Azərbaycana hansı səviyyədə və necə dəstək verdiyi hamıya bəllidir.
Qardaş ölkə xüsusən son dönəmlər daha qətiyyətli şəkildə Azərbaycanın yanında olduğunu vurğulayır. Müdafiə naziri Hulusi Akar isə mütəmadi Azərbaycanla bağlı region ölkələrinə mesajlar verir. Ekspertlərə görə, Türkiyənin məhz Müdafiə naziri Hulusi Akarın diliylə Bakıya dəstək mesajları çox önəmlidir. Bununla Ankara bölgədə gedən proseslərdən uzaq durmadığını, hər şeyi yaxından izlədiyini bir daha elan etmiş olur.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, ölkə ictimaiyyətinin birmənalı istəyi Türkiyə Silahlı Qüvvələrinin bölgəmizdə daimi qalması və burada sülhməramlı kimi fəaliyyət göstərməsidir. Partiya təmsilçisinin sözlərinə görə, xüsusən şimal qonşumuz Rusiya və cənubda İranla sərhəddə bizim hərbçilərlə bərabər Türkiyə ordusunun da olması arzuolunandır:
“Türkiyə Azərbaycana yönəlik bir çox təhdidlərin və təhlükələrin qarşısını almağa qadir yeganə ölkədir. Ona görə də heç nəyə məhəl qoymadan hərbi sahədə əməkdaşlığı ən pik həddə çatdırmalıyıq. Bu, hər iki dövlətin və xalqların maraqlarına tam uyğundur. Hörmətli Hulusi Akarın daimi mesajları qardaş Türkiyənin Azərbaycanı heç zaman tək qoymayacağına işarədir və çox önəmlidir.
Türkiyə beynəlxalq aləmdə də Azərbaycanın haqq davasını müdafiə edir və kənar güclərin regiona müdaxiləsini, ölkəmizə təzyiqlərin qarşısını alır”.
“Şərq”