Türkiyə bu çıxışına görə İlham Əliyevə təşəkkür etdi – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edib. Dövlət başçısı Azərbaycan-Yunanıstan münasibətinin pozulma səbəblərini açıq şəkildə ifadə edib.

Müstəqil.Az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Prezident ölkələrarası əməkdaşlığa mənfi təsir göstərən bir neçə məsələnin olduğunu vurğulayıb:

“Onlardan biri Yunanıstanın qaz şirkəti “DESFA” ilə əlaqədardır. Deyə bilərəm ki, bizim enerji şirkətimiz SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında “DESFA”nı almaq üçün tenderə qoşuldu. SOCAR-ın tender prosedurunda iştirak etməsini Yunanıstanın sabiq Baş Naziri cənab Samaras şəxsən məndən xahiş etdi. Açıq tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi etdi və “DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı planlarımız baxımından da mühüm əhəmiyyət kəsb edirdi. Bu, təxminən 6 il bundan əvvəl olub. Həmin vaxt, əlbəttə ki, biz Azərbaycanla Avropa arasında bağlantı inşa etməyi, sadəcə olaraq, planlaşdırırdıq və düşündük ki, əgər Azərbaycan Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı paylaşdıran şirkətə sahib olmaq da yaxşı olar. İstənilən halda biz avans ödənişi etdik, qiymətin 10 faizini təşkil edən 40 milyon avronu və 4 il ərzində – 2014-cü ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan hökumətinin ixtiyarında olub. Lakin əfsuslar ki, Yunanıstanın əvvəlki hökuməti SOCAR-ın bu hüququ itirməsi üçün hər şeyi etdi”.

Daha sonra İlham Əliyev Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginliyə də toxunub:

“Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.

Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.

Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək.

Biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin, əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq”.

Azərbaycan prezidentinin çıxışından sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İlham Əliyevə təşəkkür edib. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da Tvitterdə Azərbaycan Prezidentinin çıxışını paylaşaraq” Tək millət, iki dövlət. Bütün dünyaya örnək!” yazıb.

 

Share: