“Postsovet məkanına daxil olan ölkələr sırasında Azərbaycan NATO-nun proqramlarında iştirak edən ilk ölkələrdəndir”.
Müstəqil.Az bildirir ki, bu sözləri “Şərq”ə açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O vurğulayıb ki, keçmiş SSRİ ölkələri arasında NATO-nun proqramlarında ən çox iştirak edən ölkə də Azərbaycandır: “NATO-nun özünün də müxtəlif standartları var və bu standartlara uyğun proqramlar həyata keçməlidir. Məsələn, bəzi ölkələr NATO-ya üzv olmaq istəyir və bununla bağlı rəsmi bəyanat da verir. Amma qurumun müəyyən komissiyaları işləyir və bu nəticəyə gəlir ki, bu ölkənin quruma daxil olması hələ tezdir.
Tutaq ki, bir neçə il əvvəl Gürcüstan ilə Ukrayna belə bəyanat verdi və NATO-ya müraciət etdi. Lakin ABŞ-ın çox ciddi cəhdlərinə baxmayaraq, NATO ölkələri onları quruma qəbul etmədilər ki, bu dövlətlərin müəyyən standartlara uyğunlaşması lazımdır. Həmçinin NATO ölkələri istəmir ki, bu ölkələr daxili problemlərini NATO-ya daşısınlar. Orada belə bir şərt var ki, problemlər həll olunduqdan sonra bu quruma üzv olmaq mümkündür”.
S.Əsədli əlavə edib ki, Azərbaycan belə bəyanat və müraciət etməsə də, strukturları NATO-nun proqramına uyğun qurulub və bu, davam edir:
“Bəyanat verib həyata keçirmək və bəyanat vermədən bu işləri həyata keçirmək məsələləri var. Biz bu işləri bəyanat vermədən həyata keçiririk. Hesab edirəm ki, gələcək perspektivdə Azərbaycanın bu quruma üzv olması məsələsi var. Diqqətdən kənarda qalan bir vacib amil də budur ki, Türkiyə indi sülhməramlılarla birlikdə bu ərazidədir, yəni NATO Azərbaycanda da mövcuddur. Bu, türk sülhməramlılarla Rusiyanın varlığına qarşı bir tarazlıq təmin edir. Moldova və Gürcüstandakı fəaliyyətlərini nəzərə alsaq, neqativ nəticələrə gətirib çıxara bilər. Lakin daha öncə də qeyd etdiyim kimi, NATO artıq regiondadır və o, Türkiyə sülhməramlıları vasitəsilə regionda tarazlığı təmin edə bilər”.Müstəqil.Az