Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Respublikasının rəsmiləri, eləcə də hər bir Türkiyə vətəndaşı Azərbaycan xalqının və ordusunun yanında olduqlarını bütün dünyaya bəyan etdilər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qardaş ölkənin mənəvi və siyasi dəstəyi xalqımızı nə qədər qürurlandırdısa, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunu, qələbəyə inamını da bir o qədər yüksəltdi. Bu dəstəkdən ruhlanan döyüşçülərimiz sonu zəfərlə nəticələnən bu müqəddəs savaşa atıldılar.
Şəhər və kəndlərimizin bir-birinin ardınca düşmən işğalından azad edilməsinə Türk qardaşlarımızın necə sevindiklərini, fəxarət hissi keçirdiklərini ön cəbhədəki igid oğullarımız da eşidir və özlərini daha güclü, arxalı, daha qüdrətli hiss edirdilər.
Bakıda, Azadlıq Meydanında keçirilən Zəfər paradında bir millət iki dövlətin prezidentlərinin mötəbər kürsüdə yanaşı dayanması, qəhrəman mehmetçiyin qalib Azərbaycan əsgəri ilə birlikdə daha böyük uğurlara doğru birlikdə irəliləməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmazlığının bariz nümunəsi idi.
O gün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən ölməz Mustafa Kamal Atatürkün, “Biz bir millət, iki dövlətik” fikrinin müəllifi Ulu öndər Heydər Əliyevin, o cümlədən, Ənvər paşanın, Nuru paşanın, Kazım Qarabəkir paşanın, Mürsəl paşanın, Xəlil paşanın da arzuları çin olmuşdu.
Azərbaycan-Türkiyə qardaşlığı bu gün də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da inkişaf etdirilir, möhkəmləndirilir. Biz birlikdə güclüyük. Sabah daha güclü, o biri gün ondan da güclü olacağıq. Əsası isə odur ki, bir millətin hər iki dövlətində əsl vətənpərvər, yurdsevər, millətsevər, hər şeydən öncə, ulularımızın, dədə-babalarımızın qardaşlıq ənənələrinə sadiq olan gənc nəsillər yetişir”.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani müzəffər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun düşmən əsarətindən azad etdiyi tarixi və əzəli torpaqlarımızda keçirilən tədbirdə bu barədə daha ətraflı danışıb.
Qardaş Türkiyə Respublikasının Qaradəniz bölgəsinin Samsun ilinin Canik Koçatepe ilkokulu müəllim və şagirdlərinin Azərbaycan əsgərinə göndərdikləri hədiyyə və məktubların təqdimatı qalib vətən əsgərlərinin böyük sevincinə səbəb olub.
Əvvəlcə layihənin müəllifi 2-C sinif müəlliməsi Saadet Tığlının məktubu oxunub:
“Dəyərli Azərbaycan Ordusunun qalib əsgərləri, ölkəniz üçün verdiyiniz qəhrəmanlıqlarla dolu mücadiləni, işğal edilən vətən torpaqlarını tək-tək mərdcəsinə geri almağınız barədə xəbərləri biz yaxından izləyirik. Sizinlə fəxr edirik. Sizin yanınızda olduğumuzu bir daha bildirmək istəyirik. Siz qəhrəmanlıqlar və qərarlılıq ilə irəlilədiyiniz bu yolda yürüyərkən, ürəyi Vətən eşqi ilə dolu Azərbaycan Ordusu əsgərlərinə dəstək olmaq üçün valideynlərimin və mənim hazırladığımız əsgəri ləvazimatları, şagirdlərimizin yazdığı məktubları, çəkdiyi videoları sizlərə ərməğan edirik. Biz həmişə sizin yanınızdayıq. Biz iki dövlətik, canları bir, qanları bir millətik. Ucadır qürurumuz, bir bədəndə iki canıq, Türkiyə-Azərbaycanıq! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.
Tədbirdə məktublar oxunub, hədiyyələr əsgərlərə təqdim edilib və uşaqların çəkdikləri videolar hərbi qulluqçular tərəfindən böyük marağa izlənilib.
Şagirdlərdən Asya Bahar Konaçoğlunun, Eymen Efe Keskinin, Meryem Qaradənizin, Buse Aşçının, Berat Duranın, Zeynəb Kayanın, Alpərən Çürtükün, Mikail Duykunun, Berk Artulun və digərlərinin sevgi ilə yazdıqları məktublar döyüşçülərə duyğulu anlar yaşadıb. Hər məktubda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqlarının təsviri əsgərlərdə böyük qürur hissi oyadıb.
“Biz bir millət iki dövlətik”, “Biz iki ordu bir gücük”, “Bizim dualarımız Azərbaycan əsgərinə tuşlanan düşmən qurşunundan sizi hifz edəcək”, “Analarımızla birlikdə toxuduğumuz yun corab və əlcəklərin sizi qışın soyuğundan, şaxtasından qoruyacağına əminik”, “Sizin kimi qəhrəman əsgəri yetirən anaların əllərindən öpürük”, “Tezliklə xidmətinizi başa vurub sevdiklərinizə qovuşmağınızı arzu edirik”, “Dualarımız həmişə sizinlədir” sözləri alqışlarla qarşılanıb.
Əslən işğaldan azad edilmiş Qubadlı rayonunun Dəmirçilər kəndindən olan əsgər Ülvi Xasayzadə Türkiyə-Azərbaycan qardaşlığına həsr etdiyi yeni şeirini oxuyub.
Döyüşçülər samsunlu məktəblilərin bu nəcib, xeyirxah təşəbbüsünü yüksək dəyərləndirərək onlara minnətdarlıq dolu məktub ünvanlayıb, xatirə hədiyyələri göndəriblər.