Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16, F4-E 2020 qırıcıları ilə CN-235 CASA, E7-T (HIK) və KC-135R yanacaqdoldurma təyyarələri Şərqi Aralıq dənizi üzərində uçuş həyata keçiriblər.
Müstəqil.Az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Uçuşların Türkiyə və Yunanıstan rəsmiləri arasında bu gün keçirilən görüş öncəsi baş tutması diqqətdən yayınmayıb.
Xatırladaq ki, bu gün Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların 61-ci raundunun ilk görüşü keçirilib.
Danışıqlar 5 il fasilədən sonra Türkiyənin Xarici İşlər Nazirliyinin İstanbuldakı ofisində baş tutub.
Görüşdə Türkiyənin nümayəndə heyətinə Prezidentin müşaviri İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal, Yunanıstanın nümayəndə heyətinə isə bu ölkənin Ankaradakı sabiq səfiri Pavlos Apostolidis rəhbərlik ediblər.
Onu da qeyd edək ki, Egey dənizində aparılan araşdırmalarla bağlı hər iki tərəfin qəbul edə biləcəyi “Ədalətli, davamlı və əhatəli” həll yolu hazırlamaq istiqamətində aparılan danışıqlar 2002-ci il martın 12-də Ankarada başlayıb. Danışıqların 60-cı turu 5 il əvvəl – 2016-cı il martın 1-də Afinada keçirilib. Həmin tarixdən sonra o dövrün yunan hökuməti tərəfindən dayandırılan danışıqlar siyasi məsləhətləşmələr formatında davam etdirilsə də, tərəflər araşdırma mərhələsinə qayıtmayıblar.
Müstəqil.Az