Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, “Jetcar” adlı dəniz maşınının ideyası Antalyada gəmi sənayesində çalışan iş adamı Fərid İşlər və onun üç dostuna aiddir. Onlar Manavgat bölgəsində şirkət qurub, “Yetcar”ın istehsalına başlayıblar. Misirli ortaqları ilə bu ölkədə fabrik açaraq Orta Şərqə istiqamətlənməyi hədəfləyirlər.
Fərid İşlər qeyd edib ki, dəniz maşınına bütün Orta Şərqdən hazırda böyük tələbat var.
Əsası gəmi mexanizmi üzərində qurulan, xarici görünüşcə isə avtomobil olan dəniz maşınının su üzərində üzə biləcəyinə inanmayanlar da olub. Nəhayət, dəniz maşını suya salınıb hərəkət etdirildikdə insanlar gördüklərinə heyran qalıb.
İndi bu dəniz maşınına sahib olmaq istəyənlərin sayı hər gün artır. Sosial mediadakı paylaşımlara da çoxlu rəylər yazılır, bəziləri görüntülərin fotomontaj olduğunu belə düşünür.
Bugünədək 28 “Jetcar” istehsal edilib. Hazırda bu dəniz maşınlarından Misir, Avropa ölkələri, Rusiyada istifadə olunur. F. İşlər dəniz maşınının getdikcə daha da təkmilləşəcəyini deyib: “istəyirik, maşınımız həm suda, həm də quruda hərəkət etsin. Bunun üçün dəniz maşınına təkərlər əlavə edəcəyik. Təkərlər təyyarələrdə olduğu kimi bağlanıb-açılan olacaq. Dənizdə bağlanacaq, quruda açılacaq”.
Müstəqil.Az