Müstəqil.az xəbər verir ki , Türkiyədə Azərbaycanın tanınmış şairi Məmməd İsmayıl haqqında kitab çap olunmuşdur.
Əsərləri dünyanın əllidən çox dilinə çevrilmiş, Azərbaycan, türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində qırxdan çox kitabı yayınlanan türk dünyasının sevilən şairinin adına Türkiyədə kitab ərməğan olunub- “Prof. Dr. Mehmet İsmail Armağanı”adlı kitab işıq üzü görüb. Ərməğan kitabda həm Azərbaycan, həm də Türkiyə şair, yazıçı və elm adamlarının Məmməd İsmayıla həsr olunmuş şeirləri, xatirə yazıları və elmi məqalələri yer alıb.
Məmməd İsmayıl kimi haqq şairinin sevgi, istək, əbədiyyət yolunu işıqlandırmaq, çoxşaxəli yaradıcılığını bir kitab həcminə sığdırmaq çətin və çətin olduğu qədər də məsuliyyətlidir. Onun poeziyası milli ruhu daşıyan, türklük düşüncəsini məfkurə bilən insanlara daha çox doğmadır. Şairin poeziyası xəlqi mahiyyət daşısa da, daha çox milli ziyalı çevrəsinə ünvanlanıb. Çünki milləti millət edən onun qabaqcıl ziyalıları, fikir və düşüncə insanlarıdır.
“Prof. Dr. Mehmet İsmail Armağanı” kitabı oxuculara ustad şairin yaradıcılığını bütün dolğunluğuyla qavramaq, əsərlərinə yeni, elmi tərəfdən baxmaq, onu yenidən kəşf etmək imkanı verir.
Müstəqil.az