Babək Ağayev
Dünən, 6 may tarixində Türkiyənin Yüksək Seçim Qurumu (YSK) 31 martda baş tutan bələdiyyə seçkilərinin İstanbul üçün yenidən keçirilməsinə qərar verdi. Verilən qərar Türkiyə və dünyanın əksər media qurumlarının əsas xəbəri oldu. O cümlədən Azərbaycanın…
Çünki heç şübhə doğurmur ki, İstanbulda seçkilərin yenilənməsi haqda qərar Türkiyədə onsuz da gərgin olan siyasi atmosferi bir az da gərəcək və əslində bu gərginliyin artması son nəticədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) zərərinə işləyəcək.
Məsələ burasındadır ki, bələdiyyə seçkilərinin keçirilməsindən 1 aydan da çox vaxt keçməsinə baxmayaraq, dünənki YSK qərarına qədər İstanbulun nəticələri üzərində mübahisələr bitməmişdi. İstanbul seçkilərinin nəticələri elan edildiyi andan hakim AKP fövqəladə etiraz hüququndan istifadə edəcəyini bəyan etmişdi. Buna rəğmən 17 aprel tarixində İstanbul Dairə Seçki Komissiyasının AKP-nin etirazının nəticəsini və YSK-nın qərarını gözləmədən Əkrəm İmamoğluna bələdiyyə sədri sənədini verməsi səhv addım idi.
Dairə Seçki Komissiyası tərəfindən bu qərarın qəbul edilməsi AKP-ni bir növ çıxılmaz vəziyyətdə qoymağa hesablanmışdı: nəticələrə etiraz edib, seçkilərin təkrarını təmin etməklə əlavə gərginliyə səbəb olmaq ya da etiraz etmədən bütün pozuntularla nəticələri qəbul etmək. Hər iki variantda hakim partiya “qan itirəcək” idi. AKP birinci variantı seçdi və bu seçimində israrlı davrandı. Nəticədə seçkilərin təkrarlanmasına nail oldu. Bu, AKP-yə, prosesi uğurlu idarə edib, daha düzgün seçki kampaniyası qurarsa, İstanbulu yenidən geri qazanmaq şansı verir.
Lakin təkrarlanan seçkilər özü-özlüyündə hakim partiya və şəxsən Ərdoğan üçün böyük risklər də daşıyır. Hazırda Türkiyə ətrafında formalaşmış regional siyasi reallıqlar o qədər də ürəkaçan deyil. S-400 raket sistemləri məsələsi başda olmaqla İraq, Suriya, Fələstin, Venesuela və sair məsələlərlə bağlı ABŞ-la mövcud gərginlik, Avropa İttifaqı ilə danışıqlardakı uğursuzluq və formalaşan sərt ritorika, İsrail, BƏƏ və Səudiyyə Ərəbistanı ilə əlaqələrdəki qopmalar, qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən son qərardan sonra rəsmi Parislə gərilmələr qardaş ölkə ətrafında siyasi vəziyyəti olduqca mürəkkəbləşdirib. Bunlarla yanaşı, lirənin dollar və avro qarşısında son 2 həftədə yenidən 20 %-dək dəyər itirməsi (seçkilərdən sonra lirə dollar və avroya qarşı məhz 20 %-ə qədər güclənmişdi), ölkədaxili gərginliyi daha da artıran səbəblərdəndir. Bütün bunların fonunda seçkilərin yenidən keçirilməsi AKP-nin daha böyük fərqlə də uduzmasına səbəb ola bilər. Çünki müxalifət və ölkədən kənar qüvvələr (məsələn, Avropa Parlamentinin Türkiyə üzrə daimi məruzəçisi Kati Pirri) artıq bu qərarı AKP-nin inzibati resursları istifadə etməklə İstanbulu “zorla” özünə qaytarmaq cəhdi kimi qələmə verməyə başlayıb. Bu, seçicilər üzərində əks təsir yaratma potensialı olan bir kampaniyadır. İstanbulun təkrarlanan seçkilərdə itirilməsi AKP-nin 2023-cü ildə keçirilməsi nəzərdə tutulan ümumi seçkilərə qədər reytinqini itirməsinə səbəb ola bilər.
Türkiyədə belə bir siyasi şuar var: İstanbulu itirən, Türkiyəni itirər. İndiki halda proqnoz vermək, yumşaq ifadə ilə, siyasi savadsızlıq olar, lakin görünən odur ki, əgər AKP-MHP ittifaqı 23 iyunda baş tutacaq təkrar seçimləri qazana bilməzsə, Türkiyədə solçu siyasi görüşə sahib partiyaların 20 il sonra yenidən güc qazanması prosesi başlayacaq.