Türkiyədən Ermənistana təyyarələr uçur: özəl şirkətlər…

Türkiyədən Ermənistana təyyarə reysləri bir müddətdir ki, mövcuddur. Mediamızın bu barədə verdiyi başlıqlar bəzən yanıldıcı olur və insanları çaşdırır. Yəni “Türkiyədən Ermənistana təyyarə reysləri açılacaq” və ya yaxud “Türkiyədən Ermənistana təyyarə reysləri açılmayacaq” şəklində başlıqlar yanlışdır. Məsələnin mahiyyəti bundan ibarətdir ki, Türkiyə ilə Ermənistan arasında təyyarə reysləri hələlik dövlət səviyyəsində həyata keçirilmir.

Müstəqil.Az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli Türkiyə və Ermənistan arasında təyyarə reysləri ilə bağlı yayılan məlumatı Musavat.com-a şərh edərkən deyib. Onun sözlərinə görə, artıq 3 ildir ki, “Atlas Global” (Atlasjet) şirkəti İstanbuldan İrəvana və əks marşrutla uçuşlar təşkil edir:

“Şirkətin saytında bu barədə məlumat tapmaq çətin deyil. Məsələn, bu ay İstanbuldan 634 lirəyə İrəvana uçmaq mümkündür. İrəvandan isə İstanbula bilet 591 lirədir”.

Ş.Cəfərli bildirib ki, Türk Hava Yolları dövlət şirkəti olduğu üçün onun dövlətin rəsmi siyasətinə zidd addım atması mümkün deyil:

“THY yalnız Türkiyə hökumətinin icazəsi ilə Ermənistana reyslər təşkil edə bilər. Hazırkı mərhələdə bunu mümkün saymıram. Bu, o halda gerçəkləşər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş əldə olunsun. Məsələn, Azərbaycan və Ermənistan razılığa gələrsə, nizamlanma ilə bağlı hansısa sənəd imzalanarsa, o halda Türkiyə hökuməti Azərbaycan hökuməti ilə məsləhətləşərək Ermənistanla rəsmi münasibətlər yarada və kommunikasiyaları aça bilər. Nə qədər ki, münaqişənin həlli prosesində real nəticə yoxdur, Türkiyənin birtərəfli addımlara gedəcəyi, o cümlədən THY-nin Ermənistana reys açması inandırıcı deyil. Bu, yalnız Azərbaycan hökumətinin razılığını almaqla mümkündür. Çünki rəsmi Ankara Türkiyə-Ermənistan protokollarının imzalanmasından sonra baş verənlərdən dərs çıxarıb”.

Qeyd edək ki, internetdə axtarış apararkən Türkiyədəki müxtəlif özəl şirkətlərin İrəvana reyslər açdığı üzə çıxır. Yəni, Türkiyədən Ermənistana təyyarə reysi yeni xəbər deyil. Sadəcə müzakirə olunan məsələ dövlət şirkəti olan və dövlətin siyasətini həyata keçirən THY-nin İrəvana reys açacağı məsələsidir ki, bu da təkzib olundu.

Share: