Dünən, 2922-ci ilin iyun ayının 10-da Türkiyənin İstanbul şəhərində Mübariz İbrahimov adına məktəbdə Azərbaycan ədəbiyyatı günləri çərçivəsində tədbirlər planına uyğun olaraq müasir Azərbaycan poeziyasının istedadlı nümayəndəsi, Prezident təqaüdçüsü, iqtisadiyyat elmləri doktoru, professor, şair, tərcüməçi və ictimai xadim Rəsmiyyə Sabirlə müəllim və şagird kollektivinin görüşü keçirilmişdir.
Müstəqil. Az-a bildirir ki, məktəbin müdiri Aygün Həsənoğlu Rəsmiyyə Sabirin həyat və yaradıcılığı haqqında məlumat vermiş, şair və alimin çoxşaxəli fəaliyyətinin və şəxsiyyətin örnək olduğunu qeyd etmişdir. Professor Rəsmiyyə Sabir Azərbaycandan şair və yazıçılarının, alimlərimizin, hazırda İstanbulda Beynəlxalq Dərgilər Sərgisində təmsil etdiyi “Ulduz” jurnalı kollektivinin salamlarını çatdıraraq uşaqlara elm və təhsilin əhəmiyyətindən danışmış, uşaqlara yaxşı oxumağı, vətənlərinə layiq övlad olmağı tövsiyyə etmişdir.
Tədbirdə uşaqlar Rəsmiyyə Sabirin şeirləri ilə bərabər, digər şairlərin şeirlərini söyləmiş, mahnılar oxumuşlar. Məktəbin ən istedadlı şairlərindən olan 7-ci sinif şagirdi Fariz Nəsirov özünün 44 günlük müharibə dövründə yazdığı “Azərbaycan əsgəri” və “Şuşa” şeirlərini söyləmişdir. Jurnalist Yaqut Misirxanlı böyük şairimiz Sabir Rüstəmxanlının “Vətən” şeirini ifa etmişdir.
Tədbirdə Rəsmiyyə Sabir uşaqların suallarına cavab vermiş, məktəbin və dərnəyin Azərbaycan kitabxanası”na öz kitabları ilə birlikdə Azərbaycan uşaq ədəbiyyatı nümunələrini və nağıl kitabları hədiyyə etmişdir.
Rəsmiyyə Sabir uşaqların xahişi ilə onların dəftərlərinə imzasını atmışdır. Uşaqlar şeir məclisindən və görüşdən çox məmnun qalmış və Rəsmiyyə xanıma təşəkkürlərini bildirmişlər.
Müstəqil.Az