Kulis.az “Güfte ədəbiyyat” dərgisinin baş redaktoru Ayşə Ay ilə müsahibəni təqdim edir.
– Salam, Ayşə xanım. Xoş gəlmisiniz. Yəqin ki, ilk dəfə gəlirsiniz.
– Salam, xoş gördük. Bəli, ilk dəfədir Bakıdayıq. Çox gözəl, doğma şəhərdir. Elə bil, Orta Asiyadayıq. O mənada ki, buranın Türkiyədən heç bir fərqi yoxdur, tam Türk yurdudur.
– Dərginiz digər dərgilərdən nə ilə fərqlənir?
– Biz başqa dərgilərdən fərqli olaraq, öz dərgimizdə uşaq ədəbiyyatına da yer veririk. Bundan əlavə, şeirlər, hekayələr, resenziyalar dərc edirik. Türkiyədə hekayə janrı çox inkişaf edib. Hətta dünya ədəbiyyatı ilə müqayisə etmək olar.
Əslində, bizim dərgimiz üç hissədən ibarətdir. İlk hissə “Diyor ki” adlanır. Bu hissə müsahibələrdən ibarətdir. Hər dəfə bir yazıçının müsahibəsini dərc edirik.
Başqa dərgilər müsahibələri axırda, ya da ortada verir, biz isə ən birinci müsahibələri veririk.
İkinci hissə verdiyimiz mövzuya aid yazılmış məqalələrindən ibarətdir. Adətən biz müəlliflərə mövzu veririk. Məsələn, bir şəkil paylaşırıq, o şəkillə bağlı təəssüratlarını yazırlar.
Mart sayımız şair Məmməd İsmayılın yaradıcılığına həsr olunmuşdu. Ondan sonrakı sayımızda isə quyu şəkli haqda təəssüratları dərc etdik.
– “Güfte” sözü mənası nədir?
– “Güfte” farsca “söz” deməkdir. Əslində, əvvəl türkcə ad seçmişdik, Türkiyədə bir çox ədəbi dərgilər var. Osmanlı və Cümhuriyyət dönəmində də xeyli dərgi dərc olunub. Uyğun, yaxşı ad tapmaqda çətinlik çəkirdik, bir ad seçirdik, məlum olurdu ki, həmin adda dərgi ya olub, ya da var.
– Dərginin ideyası necə yarandı?
– 2010-cu ildə bizim uşaqlar sənət dərgisi barədə düşünürdü. Mən o vaxt bu fikiri dəstəkləmədim. Bir şeyə inanmalıyam ki, o şey dəstəkləyim. Nəhayət, illər sonra, 2022-ci ilin iyul ayında ilk sayımız işıq üzü gördü və artıq “Güfte edebiyyat”ın 13-cü sayı hazırlanır.
– Dərginizdə türk dünyası ədəbiyyatına da yer ayırırsınız?
– Biz ölkələri sıra ilə deyil, qarışıq yayımlayırıq.
Hər ay dəyişir. Bəzən Qırğızıstandan göndərilən əsərlər önə çıxır, bəzən Azərbaycandan. Demək olar, ən çox azərbaycanlı müəlliflər öz əsərlərini göndərirlər.
Ümumiyyətlə, türkdilli ölkələrin hamısıyla əlaqələrimiz var. Hətta İtaliyadan da material göndərilib.
Hazırda Azərbaycanda, Qırğızıstanda, Özbəkistanda, Quzey Makedoniyada, Güney Azərbaycanda təmsilçilərimiz var, birlikdə hərəkət edirik. Hətta sizə deyim, bizim Şərqi Türküstandanda da redaktorumuz var. Düzdür, o, siyasi şərtlərə görə Türküstanda yaşamır, ancaq biz onunla əməkdaşlıq edirik.
– Azərbaycandan hansı yazıçı-şairləri tanıyırsız?
– Aysel Xanlarqızı Səfərli, Səma Muğanna, Fodan Rəcəbli, Ülviyyə Əbülfəzqızı bizim azərbaycanlı təmsilçilərimizdir.
– Gələcək üçün hansı planlarınız var?
– Dərginin elektron versiyası da var. Əslində, mən elektron dərgiləri qəbul etmirəm, məncə, dərgi elektron olmamalıdır, ancaq indiki zamanla ayaqlaşmaq üçün, daha çox oxucuya xitab etmək üçün, elektron formatda da fəaliyyət göstəririk.
Saytda tərcümə bölməsi də var. Məsələn, ötən sayımızda Hindistandan şeirlər göndərilmişdi, tərcümə edib, yayımladıq. Özbəkistan, Qırğızıstan və Tatarıstandakı əməkdaşlarımız yerli müəlliflərin əsərlərini həm özbək türkcəsinə, həm də Türkiyə türkcəsinə uyğunlaşdırır. Göstərmək istəyirik ki, bu dillər eyni kökdəndir və biz eyni millətik. Azərbaycan türkcəsinə gəldikdə isə, biz azərbaycanlı müəlliflərin əsərlərini olduğu kimi dərc edirik. Azərbaycandan göndərilən əsərlərin tərcümə edilməsinə ehtiyac yoxdur.
Hərdən ingiliscədən tərcümələrimiz də olur.\
– Daha çox şeir göndərirlər, yoxsa nəsr əsərləri?
– Ən çox şeir göndərirlər. Düşünürəm ki, biz şeiri çox sevirik, dünyanın istənilən yerində yaşayan türkün içində şeir sevgisi var. Bizim millət özünü həmişə şeirlə ifadə edib.
– “Məmməd İsmayıl adına mükafat” müsabiqəsi elan etmisiniz.
– Bəli. Doğrudur. “Məmməd İsmayıl adına mükafat” müsabiqəsi elan etmişik. Bu xəbərdən sonra bizim ünvanımıza xeyli əsər göndərildi.
Müsabiqənin son qəbul tarixi 15 oktyabr 2023-cü ildir. Müsabiqənin nəticələri dekabrın onu elan ediləcək.