Türkiyəli rejissorla görüş keçiriləcək

Türkiyəli rejissorla görüş keçiriləcək

Dekabrın 19-da YARAT Müasir İncəsənət Mərkəzində Türkiyənin məşhur kinorejissoru, ssenarist və kinoprodüser Semih Kaplanoğlu ilə görüş keçiriləcək.

Kulis.az xəbər verir ki, görüş çərçivəsində dünya kino sahəsindəki hazırkı vəziyyət müzakirə olunacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Qeyd edək ki, Semih Kaplanoğlunun filmləri metafizik mövzular və kinematoqrafiyada fərqli müəllif üslubundan istifadə ilə xarakterizə olunur. O, türk kinosunun ən istedadlı və nüfuzlu rejissorlarındandır. Dünya üzrə 30-dan çox beynəlxalq mükafata layiq görülüb.

2013-cü ildə Kann Film Festivalında “Cinefondation” və “Qısa filmlər” bölmələri üzrə münsiflər heyətinin üzvü olub. O, Avropa Film Akademiyası, eləcə də Asiya Sakit Okean Kino Akademiyasının üzvüdür.

Semih Kaplanoğlunun “Hər kəs öz evində” debüt tammetrajlı filmi 2001-ci ildə Sinqapur Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Kinodakı əsas məşğuliyyətləri ilə yanaşı, 1987-2003-cü illərdə plastik incəsənət və kino haqqında məqalələr də yazıb. Bu məqalələr incəsənətlə bağlı dövri mətbuatda dərc edilib və müxtəlif xarici dillərə tərcümə olunub.

Share: