Türkiyəli səyyah: “Ağalı kəndinin salınması Azərbaycan dövlətinin qüdrətini göstərir”

Türkiyəli səyyah: “Ağalı kəndinin salınması Azərbaycan dövlətinin qüdrətini göstərir”

“Qısa bir zamanda belə modern və ekoloji cəhətdən təmiz kəndin salınmasının özü Azərbaycan dövlətinin qüdrətindən xəbər verir”.

Bunu “Report”a açıqlamasında “Türkiyə Səyyahlar Klubu” dərnəyinin üzvü Saimə Özmekik deyib.

Onun sözlərinə görə, işğalçı ölkə və xalqlar digər ölkə torpaqlarını və xalqlarını təhdid edirlər:

“Mən tamamilə müharibə əleyhinə olan bir insanam, lakin Vətən torpaqlarını qorumaq uğrunda mübarizə başadüşüləndir. Üç gündür Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdəyik. Dağıdılmış, məhv edilmiş evləri görmək məni çox üzdü. Kaş ki dünyada müharibələr olmasın və insanlar öz torpaqlarını qorumaq məcburiyyətində qalmasınlar”.

S.Özmekik vurğulayıb ki, Zəngilanın Ağalı kəndinə heyran olub.

“Bu gün isə gözümüzü sanki çox ayrı bir dünyada açdıq. Zəngilan rayonunun Ağalı kəndində olduq. Hər bir çətinlikdən sonra mütləq gözəl hadisələr yaşandığını hamımız bilirik və həmin gözəl hadisənin gerçəkləşdiyini bu gün öz gözlərimizlə gördük. Burada insanların necə qonaqpərvər və öz vətənlərinə bağlı olduqlarını dərindən hiss etdik. Bu baxımdan qardaşlarımızla qürur duyuruq”, – S.Özmekik deyib.

Xatırladaq ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir. Ötən bir ildə dünyanın dörd əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, “Nomadmaniya”) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə dörd dəfə böyük heyətlərlə səfərlər təşkil edilib. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub. Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, budəfəki heyətə “Türkiyə Səyyahlar Klubu”nun prezidenti, “Nomadmaniya”nın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Share: