Türkiyənin bələdiyyə sədrləri Cocuq Mərcanlıya gedəcəklər

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-dək 9-dək Azərbaycanda işgüzar səfərdə olacaq.

Komitədən Trend-ə verilən məlumata görə, səfərin məqsədi yerli bələdiyyələr və özünüidaretmə orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq, turizm, ətraf mühit, infrastruktur, mədəni və tarixi abidələrin mühafizəsi sahəsində təcrübə mübadiləsi təşkil etmək, Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq, qardaşlıq və həmrəylik əlaqələrini daha da möhkəmləndirməkdir. Bu məqsədlə nümayəndə heyətinin Azərbaycanın müvafiq dövlət orqanlarında görüşlərinin keçirilməsi, Bakı şəhərinin müasir siması ilə tanışlığı və Azərbaycanın müxtəlif regionlarındakı mədəniyyət, tarixi-memarlıq abidələrini ziyarəti nəzərdə tutulur.

Nümayəndə heyətinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri planlaşdırılır. Qonaqlar Cocuq Mərcanlı kəndinin işğaldan azad olunandan sonra qısa müddətdə aparılmış və davam edən tikinti-quruculuq, yenidənqurma işləri ilə tanış olacaq, “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət edəcək, Azərbaycan-Türkiyə Qardaşlıq Parkının salınması məqsədilə ağacəkmə kampaniyasının və Adana şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “qardaş şəhər” niyyət protokolunun imzalanması mərasimində iştirak edəcəklər.

Azərbaycana səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin abidə kompleksinin, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyinin ziyarəti və Türkiyənin Azərbaycandakı səfirliyində görüşün keçirilməsi planlaşdırılır.

Bundan başqa, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması da nəzərdə tutulur.

Share: