Türkiyənin gözəl qızı… – Günün şeiri

Türkiyənin gözəl qızı… – Günün şeiri

Kulis.az Əməkdar incəsənət xadimi Tofiq Bayramın tanınmış türkiyəli aktrisa Sevda Aydana həsr etdiyi şeiri təqdim edir.

Bir cüt qara göz görmüşəm, qətrandan qara,

Qaralığı işıq saçır qaranlıqlara.

Bir cüt qara göz görmüşəm, o gözlər nədir?

Bəlkə Egey dənizindən iki qətrədir.

O gözlərin alovuyla yandı ürəyim,

O gözlərə ulduz deyim, ya çıraq deyim?

Türkiyənin gözəl qızı, nəğməkar qızı,

Sən yandırdın ürəyimdə Sevda ulduzu.

Elə bil ki, fırtınalı bir Xəzərəm mən

Yollarına çiçək kimi söz düzərəm mən.

Gəlişin bir toy-bayramdır, gedişin ağır,

Ürəyində məni səslə, məni də çağır.

Xəyalım bir köhlən kimi çapar özünlə,

Sənə məftun ürəyimi apar, özünlə…

22 oktyabr 1964, Bakı.

Share: