Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı keçirilir.
Toplantıda Türkiyəni müdafiə naziri Yaşar Gülər təmsil edir.
O, NATO-nun qərargahında ikitərəfli görüşlər keçirib.
İlk növbədə, Gülər NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Danışıqlarda regional müdafiə və təhlükəsizlik, NATO-nun genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Gülər həmçinin, İngiltərə, Estoniya, Litvadan olan həmkarları ilə də görüşlər keçirib.
Bildirilir ki, NATO-Ukrayna Komissiyasının iclasında ilk olaraq 31 NATO müttəfiqinin müdafiə nazirləri iştirak edəcəklər. Sonra ABŞ-nin rəhbərliyi ilə yaradılmış Ukrayna Müdafiə Əlaqə Qrupunun iclası keçiriləcək. Burada Ukraynanın müdafiə naziri Oleksey Reznikov bölgədəki prosesləri NATO ölkələrinə çatdıracaq və Ukraynanın hərbi ehtiyacları müzakirə olunacaq.
Mənbə: Haber Global