Türkmənistanda 28 May – Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib

Türkmənistanda 28 May – Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib

Türkmənistanda 28 May – Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib

Azərbaycanın Türkmənistandakı Səfirliyində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən -ya verilən xəbərə görə, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov çıxış edərək, 106 il əvvəl müsəlman Şərqində qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin tarixi əhəmiyyətindən söhbət açıb. AXC-nin varisi olan Azərbaycan Respublikasının yen idən müstəqillik əldə etməsindən sonra qazanılmış uğurlar, dövlət qurulucuğu sahəsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb və hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu bildirib.

Qismət Gözəlov çıxışında Azərbaycanın böyük enerji və nəqliyyat layihələri, o cümlədən Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan enerji layihələri, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Bakı-Tbilisi-Qars dəmiryolu, habelə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək elektrik enerjisi kimi böyük beynəlxalq layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bildirib.

Səfir Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsində beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini qeyd edib. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işləri, ərazilərimizə həyata keçirilən böyük qayıdış, habelə mina təhlükəsinə diqqət çəkib. Hazırda Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərdiyini, Azərbaycanın Ermənistana hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi təklif etdiyini diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdiyini və sərhədlərin delimitasıya prosesi aparıldığını vurğulayıb. Regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyini bildirib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan Səfir, son zamanlar iki ölkə arasında ali səviyyədə həyata keçirilən səfərlərin, beynəlxalq səviyyəli tədbirlər çərçivəsindəki görüşlərin intensiv xarakter aldığını, bunun da strateji münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verdiyini vurğulayıb. Ötən il ticarət dövriyyəsinin 75 faiz artdığı, ticarət dövriyyəsinin həcminin 800 milyon ABŞ dollarına yaxın olduğunu nəzərə çatdırıb, münasibətlərimizin inkişafında Birgə Hökumətlərarası Komissiyanın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan və Türkmənistanın enerji sahəsində mühüm layihələr həyata keçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və alternativ enerji ilə bağlı önəmli işlər görüldüyünü vurğulayan səfir, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd edib. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmizin dünya birliyi tərəfindən etibarlı tərəfdaş ölkə olmasının əyani sübutu olduğunu vurğulayıb.

Tədbirdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Batır Atdayev çıxış edərək, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini çatdırıb, Azərbaycana firavanlıq və uğurlar arzulayıb. Hər iki ölkənin dövlət başçıları arasında yaranmış yüksək səviyyəli dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin tarixi köklərə əsaslandığını, ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib.

Ziyafət Azərbaycan musiqisinin sədaları altında davam edib və tədbirin keçirildiyi müddətdə sinevizyon vasitəsilə ölkəmizlə bağlı materiallar, habelə COP29-a dair loqolar nümayiş etdirilib. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri, şirniyyatları və içkiləri təqdim olunub.

Eyni zamanda tədbirdə ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, xalça sənəti və turizm potensialı ilə bağlı materiallar, milli musiqi alətlərimiz, eləcə də “Made in Azerbaijan” brendinin məhsulları nümayiş etdirilib. Həmçinin, tədbirdə Azərbaycanın COP29.az və azerbaijan.travel saytları ilə bağlı bannerlər də sərgilənib.

Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri, əməkdaşları, eləcə də ictimaiyyət təmsilçiləri və Türkmənistanda yaşayan azərbaycanlılar iştirak edib.

Share: