Türkü heç vaxt heç bir çərçivəyə salmaq mümkün deyil – İlqar Türkoğlu

Türkü heç vaxt heç bir çərçivəyə salmaq mümkün deyil – İlqar Türkoğlu

İstər ictimai-siyasi, istərsə də dini düşüncələrimi dilə gətirməkdən heç vaxt çəkinməmişəm. Bu qonuda publisistik yazılarım müxtəlif saytlarda dərc olunub. Hər zaman konyuktur, korporativ maraqların, qrup və qruplaşmaların əleyhinə olmuşam.

Eləcə də, milli dəyərlərin, qutsal amalların çərçivəyə salınaraq siyasiləşdirilməsinin, partiya, firqə halına gətirilməsinin əleyhinə olmuş, üstüörtülü eyhamlara varmadan konkret ünvanları göstərməyə çalışmışam. Dünya türklərinin birlik və bərabərliyi üçün çalışan bir çox Turan amallı fədailərimiz bu yolda öz canlarını qurban verib. Mübarizə bugün də davam edir. Yazılarımda onu da dönə-dönə vurğulamışam ki, türk insanlarını biraraya gətirən siyasət yox, ədəbiyyat, sənət, elm, ümumi və oxşar mədəniyyətlərimizdir. Son vaxtlar facebookda qarşıma “Turan” adlı siyasi partiyanın paylaşımları çıxır. Doğrusu, bu partiyanın nizamnamə və siyasi xəttinə bələd olmadığımdan hansısa detallara vara bilmirəm. Ola bilsin ki, partiyanın rəhbəri Cahandar Bayoğlu ülvi, qutsal amalların hədəfindədir. Dəqiq bilmirəm. Hələ ki, bu paylaşımlarda, daha çox təşkilati işlərə-“atanmalara” yer ayrıldığının və çoxumuzun bildiyi populist şüarlara, pafoslu çıxışlara rast gəlinir. Yazımın açısı isə, qutsal bir amal olan Turan adının siyasi partiya kimi zühr etməsi, qutsallığın firqələşdirilməsi ağrısıdır. Uzaq hədəflərə hesablanan qutsal bir amalın-Turan birliyinin inhisara alınaraq firqələşdirilməsi çox təəccüblü görünür. “Turan” adının müəlliflik hüququnun qorunmayan hüquqlar sırasına aid olduğunu bilirik. Bununla belə, Ulus, onsuz da, göbələk kimi sıraya düzülmüş “şanlı”, “ana”, “ata partiyaların” alverindən çox “çəkib”. Türkü heç vaxt heç bir çərçivəyə salmaq mümkün deyil. Könlü, amalı səmalara çatan böyük türk ellərini-Turan elini firqələşdirib dəyərsizləşdirməyin, cənablar!

İLQAR TÜRKOĞLU

 

Müstəqil.Az

Share: