Türkün ayaq izi ilə:  Ukraynada    XANEV. KANEV şəhəri

Türkün ayaq izi ilə:  Ukraynada    XANEV. KANEV şəhəri

Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; hər zaman Kanev~ Hanev~Xanev  (Kan ev, Xan ev) şəklində işlənmiş, yəni “Xan şəhəri” deməkdir. Dneprin sağ sahilində liman kimi qərar tutan bu qədim şəhər, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir.

 

Xanevin adı tarix mənbələrində Kiyev Rus dövlətinin bir iri şəhəri olaraq XII əsrdən çəkilir (1,222). O “Varyaqlara aparan” həyat yolunun Böyük Çölün qürtaracağında qapısı sayılırdı . Belə ki, hələ uzun müddət (18-ci əsrə qədər) Kiyev Rus dövlətinin Böyük Çöllə sərhəd qalası olaraq qalmaqda idi.

Əhalisinə gəldikdə isə Rus tarixçisi Karamzin “Rus dövlətinin tarixi” əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi, səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərirdi (2, f.1.,171). Xanev Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimlərin idarəsi yerləşən məntəqəyə çevrildi. (1239)

Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Tarixən poloves (qıpçaq) yurdu olmuş  Kanev (Xanev) 980 cı ilə aid Rus salnamələrində də məhz Kıpçaq məskəni olaraq çəkilir.  Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri olub, onlar hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı. Hələ lap 1786-cı ildə bu torpaqlarda gedən Rus-Türk müharibəsinə kimi şəhərdə türk qalası dururdu. Yüz ildən sonra isə qala divarları uçmuş, onu əhatələyən torpaq sədd isə hələ qalmaqda idi(3, 287).

Buradan Poloves (“Çöl adamı, yəni Qıpçaqlar”) çöllərinin dərinliklərinə aparan yollar keçirdi. Həmin müharibənin nəticəsi olaraq işğal olunan Kanev 1793-cü ildən Rusiyaya keçmişdir. Buradan köçən Kıpçaqların xələfləri sayılan kazaklardan bir qol Kuban-Azak çökəkliyindən axıb keçən Çelbas çayı üstündə eyni adlı Kanev stanitsası saldılar(1794) Şəhərin “Türk sirri” 19-cu əsrin sonlarında açılır. Dnepr (qədim Uzu nəhri) sel sularından məcrasından çıxır; çayın sahillərində uçqunlar baş verir, sahil təpələrini yuyub aparır. Qoynunda saxladığı qədim mədəni qatı açıb aşkara çıxaran Xan dağı (sonralar tərcümə edilməklə Knyaja qara) sözün həqiqi mənasında suya qərq oldu. Selab yerində açılmış içi qızıllı qədim məzarlar qarət olundu.

Şəhərdə ruslar, yəhudilər üstünlük təşkil edir; XIX əsrdə Kanev şəhərində onun əsil sakinlərindən-müsəlman əhalidən az da olsa yaşayanlar var idi. (3, 286) Öz qələmi ilə insanlar arasında dostluq və qardaşlığa xidmət etmək əvəzinə bu qələmi istila silahı kimi işlədən bir sıra ədəbiyyat adamları tarixən Kanevin türk şəhəri olduğunu etiraf etməkdən başqa çarələri qalmasa da bu şəhərin adını qanla bağlamaqla (“qanlı ev”, “qanlı kənd”) bununla sülhsevər və zəhmətkeş yerli türk xalqəna iftira atmış olurlar.

Kanev sinəsində öz tarixi keçmişinin izlərini, yadigarlarını bu gün də yaşatmaqdadır: müxtəlif dövrlərə aid qədim abidələr,əski  insan düşərgələri, yaşayış məskənləri, məzarlıqlar, şəhərciklər və s. kimi lal faktlar buradakı bir vaxtlar qaynayan gur həyatdan xəbər verməkdədir. İndi Ukraynada paytaxtın Kiyevdən Xanevə köçürməyi də təklif edənlər var. Türk mənşəli Rus soyadları içində Xanev soyadı da vardır.

Hazırda Xarkov, Odessa, Novoçerkassk kimi Kanev şəhərində də Qıpçaq çöllərindən toplanıb gətirilmiş nəhəng daş heykəllər saxlanılır.

Vaxtilə Moskva İmperatorluq muzeyinin salonlarında, eləcə də həyətində 30 belə heykəl var idi. Ruslar belə azman insan fiquruna “Kamen bolvan”, “Kamen Devka”, “Kamen çelovek” deyirdilər.

  1. КГЭ, T.2., M, 1961, c.222
  2. Карамзин H. История Государства Российского, M., Рипол-классик, т.4, гл.1.1998
  3. ЭС, т.27

Qaynak: Türk Kitabı. Unudulan tarix. Dəyişən adlar, Bakı, Nurlar, Bakı, 2009s. 79

Prof. Minaxanım Təkləli

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

 

Share: