“Twitter” ödənişli abunəçilər üçün sentyabrın sonunadək təqdim edilməsi planlaşdırılan tvit redaktəsi funksiyasını sınaqdan keçirməyə başlayıb.
Bu barədə şirkətin rəsmi bloqundan açıqlama verilib.
Hazırda sınaqlar “Twitter” əməkdaşları arasında aparılır, lakin yaxın həftələrdə yenilikdən “Twitter Blue” xidmətinə abunə olanlar da istifadə edə biləcəklər.
Tvitləri redaktə etmək üçün bir sıra məhdudiyyətlər olacaq:
Məsələn, tvit dərc edildikdən sonra 30 dəqiqə ərzində bir neçə dəfə dəyişilə biləcək. Redaktə edilmiş yazılar vaxtı göstərən xüsusi işarə ilə qeyd olunacaq.
Tvitin əvvəlki versiyalarının tarixi də hər kəs üçün əlçatan olacaq.
“Twitter”in bu funksiyanı qeyri-ödənişli abunəçilər üçün nə zaman istifadəyə verəcəyi hələ ki məlum deyil.