Esmira MƏHİQIZI – şeirlər
Bambaşqa olmadı olanlar da…
bambaşqa gəlmədi havalar da,
qış qış kimi gəldi,
payız payız kimi
yağışlar yağış kimi yağdı,
küləklər külək kimi əsdi,
hər şey olduğu kimi oldu,
hər şey gəldiyi kimi gəldi.
Amma mən hər şeyi
olmadığı kimi xəyal eləmişdim,
qışı yaz kimi,
payızı ümid kimi,
ayrılığı sevda kimi.
Bütün fəsillərdə payızdı…
və mövsümünü itirir şəhər,
mövsümünü itirir dəniz,
küçələr,
kədər.
Gülməli ağlayır bir kloun,
ağlamalı gülür qocalar evinə getmək istəməyən,
amma getməyə yır-yığış edən bir qarı.
qızı təsəlli verir:
-Yanına gəlməyə çalışacam bazarları.
mövsümünü itirir uşaqlıq…
biz başqa yerdə qalanda, evimizdən ötrü ağlıyardıq.
İndi övladlarının dalınca ağlayır qocalar,
evlərindən ötrü barmaqlarının ucu göynəyir
Ki…
o doğma divarlara sığal çəkələr.
özüm görmüşəm…
detdomlarda böyükdü uşaqlar,
qocalar evində uşaqdı qocalar.
Mövsümünü itirir həyat…
atasının sənədlərini düzəldir qocalar evinə
bir oğul da…
bir kabinetin önündə çox gözlədiyinə görə
ədalətsizlikdən şikayətlənir də…
ayətlənir,
ənir,
nir,
nir,
irrrrr…
Qulağımda bir qocanın susuşları səslənirrr:
-Su kranı damır, bərkitməliydim,
bıçağı itiləməliydim,
köynəyimi ütüləməliydim,
hələ yasa getməliydim,
qonşuda yasssssdı
maşının arxasınca bir it qaçır…
qocanın üzü sürüşür pəncərədən,
pəncərədən çöldə yazzzzzzdı,
bütün fəsillərdə payızzzzdı…
həyətdə yiyəsiz ulayır it,
getdiyi yerdə itsiz qalır qoca…
Arada ağzını doldurub müdirə demək istəyir ki,
itim çox vəfalıdı, bura gələ bilərmi,
amma deyə bilmir…
Çün…
qocalar evinə hamı itsiz gedir, itlər evdə qalır qoca yerinə
və sonra bir bazar ağrısı dolur canına-
-sabaha neçə gecə var.
***
Bir zamanlar bizim idi uzaqlar,
kağızdandı çərpələnglər, uçaqlar,
yaşamaqda yaşıyırdı uşaqlar…
o yaşamlar uşaqlıqda qaldılar.
gözəl idi səhər haya durmalar,
samavarlı salma çaya durmalar.
o ədalar, o boynunu burmalar,
xatirə tək uzaqlıqda qaldılar.
o adamlar hara isə getdilər,
getdilər də, harda isə itdilər,
dədən, nənən qonaq gedib, dedilər…
o gedəli… qonaqlıqda qaldılar.
Uçmaq qədər böyümədi qollarım…
amma boşluqların adam itkisini
qucmaq qədər böyüdü.
Hər gün qırılmış qanadlarımı bağrıma basıram….
bağrımın başında itirdiyim kəslərin
boş yerləri hava axını kimi
küləklər əsir hamının yerində,
və hamının yerində qucağım boş qalır.
bilmirəm qucduğum kimin boş yeridi-
özündən sonra…
ya ölümündən sonra
gülmək qədər böyümədi dodaqlarım…
amma büzülmək qədər böyüdü.
dodaqlarımın ucundakı gülüşlər də qaçdı
dodaqlarım büzüldükcə…
tutub saxlaya da bilmədim ki,
-hara qaçırsan, dost?
Sevgi qədər böyümədim özüm də,
amma ayrılıq qədər böyüdüm…
böyüyə bilmədi əllərim də…
əllərimdən qabaq əllərimin
vida yerləri böyüdü,
böyüdü gözlərimdən qabaq
gözlərimin ağlamaq yerləri.
və mənsizlik böyüdü məndən qabaq…
***
Getməyə yer tapmayanda…
Humay xalanın doqqazını açsam,
boynuma sarılıb ağlayar,
əllərimi öpər, bilirəm.
Nənəmi tanıyanlar deyir ki,
əllərim nənəmin əlləridir, elə bil,
nənəm o əllərlə
aclıqda çox çörək verib hamıya da,
Humay xalaya da.
mənsə utanıb əllərimi çəkərəm,
-nənəmin əlləri deyil, Humay xala!
Osa öpər əllərimi, nənəmin əlləri kimi,
sonra qapısının bircə fərəsini kəsər
əziz qonağına,
amma… Humay xala da çoxdan ölüb,
getməyə yer tapmayanda… bilirəm
getməyə bircə göyü olur adamın.
***
Gəmilər dənizləri sürdü getdi,
quşlar göy üzünü.
Ehhhhh…
sən nə bilirdin, ayyy İsi,
sən nə bilirdin susmaq nə,
sən ki, lal, dili yox bir sütülüydün aramızda.
Əlifbanda iki-üç sait varıydı…
aaa
uuu
eee
bağıra-bağıra bir uşaqlıq yaşıyırdın-
lal uşaqlıq,
amma heç kiridiyin yoxuydu.
Arada qonşu xalalar təpinərdilər ki,
bir sus ayy İsi, bir sus… baş-beynimiz getdi,
sən də dodağını büzüb küsərdin,
küsüb gedərdin.
Biz məktəbə gedəndə
arxamızca ağladığını da görmüşdüm.
Deyirdim dədəsi sağ, nənəsi sağ,
İsi niyə ağlasın,
sonra gördüm ki,
lal adamın ağlamağı nə deməkmiş
iki-üç həriflə.
eeeeeeeeeeeee…e
gəmilər yenə dənizləri sürür, ay İsi,
quşlar göy üzünü.
yaxşı ki, danışa bilmirdin,
danışsaydın sən də susardın.
Lapdan da…görürsən sən sən deyilsən,
güzgüdə bir başqa adam şəkli var.
Soluna gözaltı baxıb, ah çəkən,
bir solğun, bir üzgün qadın şəkli var
və sənin gördüyün güzgü şəkillər
belə hərdən-hərdən çatlıyır, sınır,
üzünə sınıqlar aynalar tutur.
Bütün aynaların kədər maskası
sənin sevincini bilmirsən niyə, nədən unudur.
arada-bərədə elə bilirsən
güzgülər hamısı balaca qızdı,
sonra yekəlirlər, qadın olurlar.
sonra doğmalıqdan tamam çıxırlar
nəsə səslərinə, baxışlarına
elə yad, bir özgə adam olurlar
və qadın şəkillər qalır güzgüdə
və kişi şəkillər güzgüdən gedir.
Bir qızın üzündə qadına bənzər
o nimdaş, o donuq cizgidən gedir,
güzgüdə şəkillər qocalır belə
o qədər baxışlar gözlər qocalır,
o uşaq yanaqlar, üzlər qocalır.
O qədər sevdalı, o qədər nazlı
gəlinlər qocalır, qızlar qocalır.
Bu qadın güzgülər, bu qız güzgülər
güzgü xəzanında payıza düşür
sınmaq güzgülərin alın yazısı,
güzgü qırığını toplayıb yığmaq,
hər qadına düşür, hər qıza düşür.
Lapdan da görürsən, elə görürsən
güzgüyə baxırsan… güzgüdə yoxsan.
bilmirsən ya niyə belə başqasan, ya niyə belə özgəsən.
Sonra anlayırsan… güzgülər özünü göstərmir axı,
sən də bir, sən də bir sınıq güzgüsən,
lapdan da güzgüyə salam verirsən…
elə bilirsən ki, sən sən deyilsən.
Əyilib güzgünün çat qulağına
pıçıldayırsan:
-Sən Allah, kimsən?..
***
Çoxdan idi…
mən də belə çilli-milli uşaq idim deyəsən
utananda saçlarımı dağıdardım üzümə,
saçlarımın arasından gün düşərdi gözümə,
qəfildən də hörüyümü kürəyimə atardım,
qaçardım e, uçardım.
Heç yellər də küləyimə çatmazdı,
heç dərdlər də ürəyimə yatmazdı.
Onda… dərdlər pişik kimi yalmanırdı, ah necə,
onda… dərdlər qapımızda qonşumuzun iti kimi ulayırdı gizlicə,
amma hələ ürəyimiz ağrıların uzağıydı,
mən də, sən də, o da… biz hamımız bir əyyamın uşağıydıq.
Heç nəyimiz olmasa da, ən çox, lap çox saflığımız varıydı,
hekayəmiz, şeirimiz nağılımız varıydı.
Çoxdan idi…
bizim kəndin yollarında təpik döyüb böyüdük.
o daşlara, divarlara qəpik döyüb böyüdük,
oralarda, buralarda çəpik döyüb böyüdük.
Biz böyüdük,
kəndimizin adamları qocaldı,
ağacları, kəhrizləri, çəpərləri, o damları qocaldı…
hələ, hələ buludlar da qocaldı, hələ, hələ bizi kənddən şəhərlərə
maşın-maşın, qatar-qatar daşıyan ümidlər da qocaldı.
Biz böyüdük…
elə bil ki, dünya tamam dəyişdi,
bu dünyadan atam köçdü, köçdü doğma adamlar,
sonra anam dəyişdi.
Mənim anam bir hörüklü, kəlağayılı gəliniydi…
bəlkə, bəlkə gəlinlərin arasında ən utancaq, ən həyalı gəliniydi.
heç səsini duymamışdı qonşular,
indi anam gecə-gündüz var səsiylə ağlıyır,
o oğlunun, bu oğlunun şəkiliylə, nisgiliylə ağlıyır.
Çoxdan idi…
çoxdan idi mənim gözəl vaxtlarım,
daşlıqlarda keçi kimi beşdaş gəzən vaxtlarım,
gözəlliyin içindəydim, gözəllik də içimdə,
mən ən gözəl uşaqlığı yaşıyırdım fəsillərin köçündə,
bir zamanlar… çoxdan idi, çoxdan idi deyəsən…
o çoxdanlar yoxdan idi , yoxdan idi deyəsən.
***
Unamaq da olmur,
bilmək də olmur…
bir bahar niyə,
bu qədər qar-qış keçirdir,
bir ömür göz yeri,
nəzər yeridi,
sağı da,
solu da
ən həris, ən ac
baxış keçirdir.
Bu saçlar qapqara şəvə yerindən,
ağappaq,
bəmbəyaz,
dən-dən e, dən-dən
naxış keçirdir.
Heç bilmək də olmur,
bu quru baxtın
yeldöyən tərəfi
suçəkən kimi,
bəs niyə bir belə
qarğış keçirdir?
Sonrakı payızlar başqa cürəymiş…
bütün pəncərələr,
bütün şüşələr
gözlərim kimi
yağış keçirdir.
***
O qədər dedilər beləəəəə…
o qədər dedilər elə,
bir sabah baxdım ki, balam
bitmişəm…
deyirlər ilə.
Veyil-veyil boşluqlarda
veyiləm,
veyillər ilə,
qaralarda-quralarda,
oralarsız buralarda,
sonralar da sonralarda,
çıxmaq olmur gözəlliyə
adicə seyirlər ilə.
bir sabah bildim ki, belə,
ağırdı çəkdiyim şələ,
o qədər tükəndim ki,
hələ,
ziyanam xeyirlər ilə.
bir qız varıydı, deyərlər,
qapılarının nömrəsində,
doqquz varıydı, deyərlər,
gözündə həm yaz olardı,
payız varıydı, deyərlər…
qəfil kimsə də ah çəkər:
– O öldü şeirlər ilə.
***
Heç bilirsən necədi… ağ şəhərdə qara gün?
bürkülü qış, soyuq yay…
bir də içməyə hüzün, ancaq bir nəfər üçün…
nə varsa təkadamlıq, sevməklər, ağlamaqlar,
öldürdüyün, öldüyün yaşamlar təkadamlıq.
Gündüzlər dözmək asan,
di gəl…
ikiadamlıq çarpayı da, həsrət də,
o küncdəki divan da, ilan kimi buz olur,
axşamlar təkadamlıq.
Belə bilmirsən hərdən,
ərköyün əllərini, dağınıq tellərini necə ovutmaq olar?
hərdən də, lap bezirsən, yenə o qaraçı qız, yenə də həmin soru:
-Ay qız, görən birini necə unutmaq olar?
unutmağın yolları… qucaqlarından keçir,
xəyalının hər cürə bucaqlarından keçir.
Hələ ayaqlarından, hələ barmaqlarından-
hər tərəfindən keçir,
bir də baxıb görürsən unutmaq səndən keçir.
Heç bilirsən necədi… güzgüdəki o gözlər,
o gözlərdən süzülən yaş niyələr, necələr…
bircə o güzgü bilir… pərdələr örtülməmiş, necə
düşür gecələr,
gecələr e, gecələr həsrətlər dağa dönür,
çarpaz-çarpaz ağlayır,
pəncərəyə söykənən o gilənar ağacı yarpaq-yarpaq ağlayır.
Yarpaqlar ağacların gözyaşıdı payızlar
eh…
gör hələ nə qədər ağlamağa payız var,
payız şəkillərində hələ gözləri bulud Yağmur adlı bir qız var.
Heç bilirsən necədi… qaranlıq tünlüklərdə
yuxusuzluq filminin növbəsində dayanmaq.
sonra, sonra və sonra… heç uyğuya dalmamış,
heç yuxuya batmamış ayrılığa oyanmaq.
Heç bilirsən necədi.. necədi e, necədi
ayrılıqdan sonra da…
ayrılıqdan əvvəlki
ayrılığa oyanmaq.