(Ramiz Rövşənin “belə-belə işlər” hekayəsini oxuyandan sonra…)
İllər əvvəl, günümüzün ədəbiyyat, poeziya sultanı, xalqımızın milli sərvəti, gənclərin sevgi etirafının açarı, küsülülərin umu-küsü sözçüsü, bədii fəlsəfənin söykənəcəyi Ramiz Rövşən zirvəsindəki nəsr çəməninə boylanmış, o çəməndə payıma düşən çiçəklərdən çələng toxumuşdum – “Ramiz Rövşən nəsri” adlı kiçik monoqrafiya yazmışdım. Və bu gün Ramiz Rövşən nəsrinin ən az oxunan (ona görə az oxunandır ki, əksəriyyət Ramiz Rövşən poeziyasının sehrindən qopa bilmir) örnəyi “Belə-belə işlər” adlı hekayəni bir daha oxudum. Hekayəni yenidən oxuyandan, yenidən dərk edəndən sonra, illər əvvəlki anlayış səviyyəmin dayazlığına təəssüf etdim.
“Ramiz Rövşən nəsri də poeziyası kimi mövzu rəngarəngliyi və fəlsəfi tutumu ilə zəngindir. Müəllif nəsrində də hissləri sözlərə köçürərkən, hissin adını çəkmədən, epitetlərlə peyzaj, yaxud bədii portret yaradır, bir sözlə, onun bədii təyini də özünəməxsusdur (dərddən danışır dərd adı çəkmir, sevgidən danışır sevgi adı çəkmir, ağrıdan danışır ağrı adı çəkmir). Buna örnək olaraq “Belə-belə işlər” adlı hekayəyə diqqət edək. Əsər müharibə illərindən danışır. Qəhrəman Həsən kişidir. Kəndin kişiləri müharibəyə yola düşəndə, Həsən kişini fiziki qüsuruna görə aparmırlar. O, yeganə canlı varlığı olan, dostu qədər sevdiyi, balası qədər əzizlədiyi kəhər atı göndərir müharibəyə.
Öncə əsərdə müharibəyə oğul yolasalma mərasiminə diqqət edək: “Əfrayılın anası Əfrayılın boynunu qucaqlayıb ağlayırdı.
İsmayılın anası İsmayılın boynunu qucaqlayıb ağlayırdı.
İsrəfilin boyunu gün yandırırdı”.
Burada oxucuya məlum olur ki, İsrəfilin kimsəsi yoxdu, İsrəfil anasızdı, yetimdi, onun boyunu qucaqlayanı olmayacaq, onun boyunu gün yandırır, gün qucaqlayırdı…
“Həsən kişi ha gözlədi kəhər atdan məktub gəlmədi”. Əsərin bu yerində oxucu Həsən kişiyə qoşulub məktub gözləyir, həm də kəhər atdan. Bax, elə bu nasir qələminin gücünün bariz nümunəsidir.
Əsərin ekspozisiyası nə qədər ağrılı həsrətli başlasa da, razvyazkada oxucunun içindən dərin bir ah doğur. Həsən kişinin öldüyü günün səhəri məlum olur ki, kəhər at döyüşə getməyibmiş… “O vaxt atları kənddən çıxarıb aparanda kəhər at yolda əlimizdən buraxılıb qaçdı. Ha qovduq, tuta bilmədik. Axırda dörd tərəfdən araya alıb başladıq qamçılamağa. Zalım oğlu vayenkomun qamçısı kəhərin bir gözünü tökdü. Kor atın davada nə işi vardı. Kəndə də qaytara bilməzdim. Həsən kişi kəhəri o gündə görsəydi gözümü tökərdi. Odur ki, kəhəri yolüstü bir kəndin məktəbinə satdıq. O biri il yolum ordan düşəndə öyrəndim ki, kəhər bütün qışı məktəbə odun daşıyıb. Uşaqları yaza çıxarıb, özü yaza çıxmayıb”. Sədr Şərif söyləyir olanları…”
Bu yazılanlar mənim illər öncə düşündüklərim idi. Bəli, yuxarıda da deyildiyi kimi, əsərin qəhrəmanı Həsən kişinin atından başqa kimsəsi yox idi və atını döyüşə yola salandan sonra ayrılığa dözməyib, dünyasını dəyişdi. Lakin indi anlayıram ki, misra-misra, bənd-bənd, şeir-şeir cümlələrlə Ramiz Rövşən insandan, atdan, müharibədən söz açmırmış, insan taleyinin üçbucaq üzərindəki fəlsəfəsini səliqəli şəkildə yumaqlayıb, ipin ucunu tutsanız, çözümü asan olacaq, deyirmiş…
“Həsən kişi nə deyirdi?
Deyirdi ki, bu külleyi-aləm ibarətdi xırda-xırda dünyalardan.
Yəni hər adamın öz balaca dünyası var.
Özü də bu dünyalar üçtərəfli-üçtərəflidi.
Bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də kəhər at.
Hər kəs dünyaya gələn kimi başlayır öz kəhər atına sarı qaçmağa, o yandan da ölüm başlayır kəhər ata sarı qaçmağa.
Elə ki ölümdən qabaq çatıb atıldın kəhər atın belinə, çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən və ölüm səni haxlayanacan ləzzət alacaqsan.
Yox elə ki ölüm səndən qabaq çatıb atıldı kəhər atın belinə, qalacaqsan pay-piyada öz balaca dünyanda, öz balaca dünyanda dolaşa-dolaşa da axırda çərləyib öləcəksən.
Həsən kişi deyirdi ki, mən öz kəhər atıma ölümdən qabaq çatmışam.”
Üçbucağın bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də kəhər at. Burada kəhər at insan taleyidir ki, ölümlə olumun (insanın) daim arasındadır. Oturub taleyini Tanrıdan gözləyənlərə bir işarədir. Tanrı səni yaradıb və qənşərinə də taleyini qoyub və ölümə gedən yolu da özün elə çizməlisən ki, taleyinə ölümdən əvvəl yetişəsən. Doğru yolla, düzgün, halallıqla irəliləyib kəhər ata (taleyinə) çatsan, daha sənə zaval yoxdu, ölümə tərəf (yaxud, ölüm sənə tərəf) başı uca, at belində, çapacaqsan, “çapıb-çapıb çoxlu özgə dünyalar görəcəksən və ölüm səni haxlayanacan ləzzət alacaqsan”. Yox, əgər Tanrı yolundan çıxsan, əyri yollarla, irəliləsən, taleyini yaşamadan, gələcək talelərə – əfrayıllara, ismayıllara, isrəfillərə yol göstərmədən, onların da üçbucaqdakı taleyinə can atmaqda yardımçı olmadan irəliləsən, “öz balaca dünyanda dolaşa-dolaşa da axırda çərləyib öləcəksən” və səndən sonraya heç nə qalmayacaq.
“Həsən kişi deyirdi ki, mən öz kəhər atıma ölümdən qabaq çatmışam”. Burada biz Həsən kişinin tənha olsa belə, halal, doğru düzgün ömür sürdüyünün şahidi oluruq. Müəllif uzun-uzun bədii portretə ehtiyac görməyib, oxucuya Həsən kişini bircə cümləylə tanıdıb. “Ancaq Həsən kişinin kəhər atında çoxlarının gözü vardı”. Cavanlar Həsən kişinin kəhər atını (taleyini) həsən kişidən almağa çalışırdılar. Buradan isə yeni bir fikir doğur, deməli, hər bir insanın taleyinin buxovu öz əlində olmalıdır, özgələrə yem olmamalı, sadəcə örnək olmalıdır. “Həsən kişi özü də başa düşürdü ki, kəhər at onun babı deyil. Kəhər at yernən-göynən əlləşirdi”. Bütün bunlara rəğmən, kəhər atı Həsən kişi qorumağı bacardı. O günə qədər ki, insan taleyini əlində oyuncaq edən, istəsə qırıb-dağıdan, istəsə əzib, ayaqlar altına sərən, istəsə də qana susayanları külli-aləm sahibi edən müharibəylə üzləşənə qədər…
Həsən kişinin də kəhər atının buxovunu müharibə əlinə keçirdi, istədiyi tərəfə çapdı, sürdü, əzdi, əzdirdi və sonunda oluma (Həsən kişiyə) təslim etdi ki, getsin ölümə sarı. “Həsən kişi kəhər atın belində, öz ölümünün tərkində bu dünyadan çapıb getdi”.
Ramiz Rövşən yaradıcılığı ən çox oxunan, tədqiq olunan, haqqında ən çox yazılan olsa da, oxuyan bir daha oxumaq istəyir, tədqiqatçı yeni-yeni fikirlər kəşf edir. Mübaliğəli olmasaydı, Ramiz Rövşən yaradıcılığını əsrlər boyu tədqiq edilən, lakin yenə də sonuna varılmayan, çözümünü gözləyən, hər çözümündən yeni bir başlanğıc boylanan klassik əsərlərlə müqayisə edərdim…
…Və yenə də deyirəm, Ramiz Rövşən nəsrində lazımsız ritorika yoxdur. O, lakonik şəkildə fikrini ifadə edir. Lakin o, orfoqrafik və orfoepik pozuntulara da qorxmadan yol verir. Onun təhkiyəçi dili ədəbi dilə söykənmir, sırf bədii dilin üstündə köklənir…
Ramiz Rövşən böyük şair, həm də böyük nasirdir!
İradə Aytel
Mənbə: “Kaspi” Qəzeti