Son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri də 3-cü doza peyvəndin vurulmasının əhəmiyyətliliyidir. Mütəxəssislər buna öz aralarında Buster dozası və ya gücləndirici peyvənd də deyirlər.
Əlbəttə, əvvəllər ilk növbədə məhz 60 yaşdan yuxarı və risk qrupuna daxil olan şəxslərə 3-cü dozanı vurdurmaları tövsiyyə edilirdi. Lakin artıq növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq. Yəni ki, peyvəndin 1-ci və 2-ci dozasını vurduranlar üçün 3-cü dozanın da vurulması məqbul hesab olunur.
Hazırda bu çox aktual məsələyə çevrilib. Çünki əvvəla ilkin peyvəndlərdən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Lakin Buster (üçüncü) doza isə bunun qarşısını alır, immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı təmin edir. Bu mənada Buster doza əvvəlki peyvəndlərin effektivliyini zəmanət altına alır.
Buster dozanın vurulmasını vacib edən digər mühüm amil yeni ştammların ortaya çıxması ilə əlaqədardır. Bu isə yeni təhlükələr yaradır. Hazırda hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riski var. Ona görə də buster dozanın vurulması həyati əhəmiyyət kəsb edir və bu işi mümkün qədər sürətləndirmək lazımdır. Koronavirusun ştamlarından qorunmaq üçün 3-cü dozanın vurulması tövsiyə olunur. Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Onun kifayət qədər lazımlı olduğu təcrübədə öz təsdiqini tapıb və bu dozanı vurdurandan sonra immunitet həqiqətən də xeyli artır.
Üçüncü dozanın sayəsində virusa qarşı müqavimət göstərən anticismlər daha öncəki dozalardan fərqli olaraq üç dəfə artıq gücləndirilmiş olur. Buster dozadan sonra orqanizmdəki anticismlər həm koronavirusun özünə, həm də onun ştamlarına qarşı güclü mübarizə imkanları əldə edir. Bu baxımdan, vaksinin qüvvətləndirici üçüncü dozasının tətbiqi hazırda təkcə risk qrupu və yaşlı nəslin nümayəndələri üçün deyil, əhalinin digər kateqoriyaları üçün də əlverişli və məqbul hesab olunur. Onu da qeyd edim ki, artıq dünyanın bir sıra ölkələrində buster dozanın vurulmasına başlanılıb və yan təsirlər ehtimalı minimaldır. Məsələn, İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirusun ştamlarından qorunmaq üçün buster dozanın vurulmasını şiddətlə tövsiyə edir və bildirir ki, buster dozanın istifadəsi birinci növbədə ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Bütövlükdə pandemiyaya qalib gəlməyimiz üçün isə hər kəsin üçüncü doza ilə peyvəndlənməsi arzuolunandır. Heç şübhəsiz ki, bütün bunlar dünyanın mötəbər səhiyyə qurumlarının apardıqları tədqiqatların nəticəsi olaraq ortaya çıxan həqiqətlər, faktlardır və bu həqiqətlər hamımızdan məsuliyyətli yanaşma tələb edir. Bizim hər birimiz bu faktlara, rəsmi məlumatlara çox ciddi yanaşmalıyıq.
Buster dozanın peyvənd olunan bütün insanlara vurulması həqiqətən də çox vacibdir və labüddür. Mən özüm də üçüncü dəfə peyvənd olunmağa hazırlaşıram. Birinci və ikinci dozlardan sonra özümü kifayət qədər gümrah və çevik hiss etdiyim kimi üçüncü inyeksiyanın da faydalı, səmərəli olacağına inanıram. Hərçənd ki, mən nə risk qrupuna, nədəki 60 yaşdan yuxarı əhali kateqoriyasına aid deyiləm. Sadəcə sağlamlığımı düşünən bir insan olduğuma görə üçüncü dozanı da vurdurmağı qərara almışam. Hesab edirəm ki, bizim hər birimiz həm özümüzü, həm də çevrəmizdəki insanları hər hansı risklərdən qorumalıyıq. Həyatda qalmaq və sağlam yaşamaq istəyiriksə, bizim peyvəndlənməkdən başqa alternativ seçim imkanımız yoxdur. Bu aksiomadır. Odur ki, hamımız bu adi həqiqəti qəbul etməli və üzərimizə düşəni vicdanla yerinə yetirməliyik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri