Avropa Liqası və Konfrans Liqasında qrup mərhələsinin I turunun oyunlarından sonra UEFA-nın ölkələr üçün yeni reytinq cədvəli açıqlanıb.
Oxu.Az xəbər verir ki, Bakıda Norveçin “Molde” klubunu məğlub edən (1:0) “Qarabağ” Azərbaycanın xalını artırıb. Minimalhesablı qələbə ölkəmizin aktivinə 0,500 xal əlavə edib.
Azərbaycanın mövqeyi dəyişməyib. Ölkəmiz 17,375 xalla qitənin 29-cusudur. 28-ci pillədəki Slovakiya ilə fərqi azaltmaq da mümkün olmayıb. “Slovan”ın evdə “KI Klaksvik”lə (Farer adaları) qarşılaşmada qələbə qazanması (2:1) buna imkan verməyib.
30-cu pillədəki Moldova ilə fərq isə artıb. Bu, “Şerif”in öz meydanında İtaliya “Roma”sına məğlubiyyəti (1:2) ilə reallaşıb. Moldovanın 12,875 xalı var.
Siyahıya 90,303 xalla İngiltərə başçılıq edir. İspaniya 78,864 xalla ikinci, 73,141 xalı olan İtaliya üçüncüdür.
Faiq Tahirov