Ukrayna Ali Radası İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qərar layihəsini təsdiqləyib.
Bu barədə parlament iclasının yekunlarına əsasən xalq deputatı Yaroslav Jeleznyak məlumat verib.
Onun sözlərinə görə, müvafiq qərarın qəbul edilməsinin lehinə 328 deputat səs verib.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya İrana qarşı 50 illik sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi təqdim etmişdi.
Məlum olduğu kimi, Rusiya İranla “Shahed-136/131” tipli hücum dron-kamikadzelərinin tədarükü üzrə əməkdaşlıq qurub. Bu dronlarla isə Rusiya Ukraynaya hücum edir.
Sanksiyalar əsasən ticarət əməliyyatlarına tam qadağa, resursların tranzitinin dayandırılması, iranlıların Ukrayna ərazisinə uçuşlarının və nəqliyyat hərəkətinin dayandırılması, iranlılar tərəfindən kapitalın çıxarılmasının qarşısının alınması, İran tərəfindən Ukraynaya investisiya qoyuluşunun qadağan edilməsi, texnologiyaların, əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların ötürülməsinin qadağan edilməsi, İran sakinləri tərəfindən buraxılan elektron ödəniş vasitələrinin dayandırılması və s. nəzərdə tutur.
Mənbə: UNİAN