Ukrayna deputat və məmurların Polşaya səfərinə qadağa qoydu

Ukrayna deputat və məmurların Polşaya səfərinə qadağa qoydu

Ukrayna rəhbərliyi bütün məmur və deputatlara Polşaya səfər etməyi qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Polşanın “Onet” portalı yayıb. Daha sonradan isə ukraynalı deputat Aleksey Qonçarenko bu barədə yayılan məlumatları təsdiq edib. 

“Ölkə rəhbərliyi qeyri-rəsmi olaraq istənilən məmur, deputat və digər dövlət qulluqçularına Polşaya səfər etməyi qadağan edib”, – deyə deputat qeyd edib. 

Bildirilir ki, Varşava Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı ləğv edənə qədər bu qərar qüvvədə olacaq. 

O, sözügedən qadağanı absurd adlandırıb. 

Qeyd edək ki, Avropa İttifaqı mayın 2-si Ukraynadan bir sıra kənd təsərrüfatı məhsullarının Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiyaya idxalına müvəqqəti qadağa qoyub. Bu barədə qərar idxal səbəbindən qiymətlərin enməsindən narazı olan yerli fermerlərə dəstək olaraq verilib. Sentyabrın 15-i isə sözügedən qadağanın müddəti bitir. “Politico”nun məlumatına görə, Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya həmin tarixdən sonra bu qadağanı uzatmaq niyyətindədirlər. Portalın mənbələrinə görə, məhdudiyyətlərin uzadılması barədə qərar siyasi səbəblərə sahibdir. Belə ki, tezliklə Polşada seçkilər keçiriləcək və Varşava bu seçkilər fonunda öz fermerlərinin etirazına yol vermək istəmir.


Share: