Ukrayna Rusiyanın 2014-cü ildə Krımda ələ keçirdiyi desant gəmisinə raket zərbəsi endirib.
Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna donanmasının mətbuat katibi Dmitro Pletençuk ələ keçirildikdən sonra Rusiyanın Qara Dəniz Donanmasına daxil edilmiş Konstantin Olşanski gəmisinə Neptun raketi ilə uğurlu zərbə endirildiyini və dəymiş zədənin müəyyənləşdirildiyini bildirib. Pletençuk gəminin martın 23-də Rusiyanın Yamal və Azov desant gəmiləri ilə eyni gündə vurulduğunu deyib. Əlavə edib ki, desant gəmisi hazırda döyüş qabiliyyətinə malik deyil.
1985-ci ildə inşa edilmiş gəmi 1996-cı ildə sovet ittifaqının hərbi dəniz donanması bölüşdürülərkən Ukraynaya verilib və Krımın ilhaqı zamanı Rusiyanın ələ keçirdiyi bir çox Ukrayna gəmisindən biri olub.
Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın Qara Dəniz Donanmasının 24 gəmi və 1 sualtı qayığı daxil olmaqla 33%-nin məhv edildiyini açıqlayıb.