“Ukraynanın enerji infrastrukturunun çökməsi hər an baş verə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “Reuters”ə müsahibəsi zamanı deyib.
“Hazırda biz çöküşdən danışmırıq, lakin bu, hər an baş verə bilər. Çünki hər hansı təkrar zərbələr doğma şəhərimiz Kiyevdə və təkcə Kiyevdə deyil, digər şəhərlərdə də kritik infrastrukturu məhv edə bilər”, – o, bildirib.
Kliçko hazırda Kiyevdə təxminən 30% enerji defisitinin olduğunu deyib.
“İndi Ukraynada kifayət qədər soyuqdur – mənfi 10, mənfi 20, qışda bəzən mənfi 30 dərəcə. Və bu hava şəraitində elektriksiz yaşamaq, istiliksiz yaşamaq demək olar ki, mümkün deyil. Ona görə də vəziyyət kritikdir, biz sağ qalmaq üçün mübarizə aparırıq”, – Kliçko əlavə edib.