Azərbaycan Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının aprel nömrəsi çapdan çıxıb.
Müstəqil.Az xəbər verir ki, jurnalın aprel buraxılışının ilk səhifəsi Günel Xəzəlin Zərdüştlə söhbəti və şeirlərilə açılır.
“Nəsr” bölməsində Orxan Cuvarlı, Ənvər Çingizoğlu, Arzu Nehrəmli, Şəhla Aslanın hekayələri verilib.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Ulduz” jurnalı ilə ortaq layihəsində çağdaş Monteneqro ədəbiyyatından Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə söz açır.
“Şeir vaxtı”nda oxuculara gənc şair Aysel Səfərlinin poeziyasından nümunələr təqdim olunub.
Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin “Ədəbi fraqmentlər: şair, gilənar yarpağı, payız, bir də o qız…” məqaləsi “Tənqid”də yer alıb.
“Tribuna”da Xəyalə Zərrabqızı “Ədəbiyyatımızın dostu, dostumuzun ədəbiyyatı”nda tanınmış Türk yazıçısı İmdat Avşarın yaradıcılığından söz açır.
“Debüt” bölməsində isə Nadir Rzalı “Bala, ağzını yerə tut…” hekayəsi ilə oxucularda xoş ovqat yaratmağa çalışıb.
Xuraman Hüseynzadə isə “Müharibədən ədəbiyyata” essesi ilə oxucuların görüşünə gəlib.
“Türk eli” türk yazıçısı Əbdülqədir Özqanın “Məcik böcək” hekayəsini Təranə Vahidin tərcüməsində təqdim edir.
Bu dəfə jurnalın “Dərgidə kitab” hissəsində XX əsr böyük İsveç şairi Tomas Tranströmerin həyat və yaradıcılığını Səlim Babullaoğlunun tərcüməsində təqdim edilir.(Azərtac)