Hafiz ATAXANLI
Yazıçı,ssenarist,kultroloq.
Böyük İtalyan yazıçısı Umberto Eko yazırdı: “mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə – küncdə, kitabların arasında. Mənim də ruhi dinclik və sakitlik tapdığım kitab dolu hücrəmdə Çinar Arıkanın “Yörük köçü” hekayələr kitabı yer alır.Bu kitabı oxudum, amma dur, sadəcə oxumadım, vizual formatını gördüm, təsəvvür etdim.
Çinar bəyin ruhunun ruhuma simsarlığını duydum. Vərəqlərin xışıltısında Altay- Ural dağları arasındakı bozqırlarda at çapan ərənlərin hayqırtısını eşitdim, Altay və Sibir mədəniyyətləri sivilizasiyalarında gəzişdim, Orxan- Yenisey abidələrinə göz atdım. ”Törəyiş”, “Köç”, “Manas”, “Koroğlu”, “Dədə Qorqud” dastanlarının, Rəşidəddinin “Oğuznamə”, Mahmud Kaşğarinin “Divani- lüğəti -türk” kitabının anlatdığı türk mifik təfəkkürünə baş vurdum.
“Kitaba “Qutadu bilik” adını verdim, oxuyanı qutlu etsin, əlindən tutsun. Sözümü söylədim, kitabı yazdım, o uzanıb iki dünyanı tutan əldir. Kişi iki dünyanı qutla tutsa, qutlu olar, bu sözüm bütünlüklə çindir.”
…Və bir də baxdım ki, Xivə xanı Əbülqazi Bahadırın “Şəcərei – tərakimə”dən , yəni Türkmənlərin say kitabından bir işıq haləsi ayrıldı, Çinar bəyin hekayələrini aydınlatdı, sonra qan yaddaşıma güzgü tutdu.
Dünənin əzəmət qayasına, vüqar dağına söykənmək, ulu törələrə tapınmaq, qosqoca idrak saxlancını qorumaq və sabaha ötürmək böyük Türkün nəsihəti, müqəddəs missiyasıdır. Həm də daim Türk ruhunun diri tutulmasına vəsilədir.
Ötən əsrin 80- ci illərində Azərbaycanda xalqın azad fikrə tamarzı, azadlıq ideyalarına təşnə olduğu vaxtlarda Türk dünyasınca mücahid şairi Sabir Rüstəmxanlının oxuculara ruhi qida bəxş edən “Ömür kitabı”`işıq üzü gördü. Sabir bəy tarixi kökə fundamental bağlılığa yüksək dəyər verirdi: “Ağsaqqalların gücü köklərin dərinliyində, keçmişə körpü olmalarındaydı. Beyinləri böyük bir nəslin xatirə dəftərinə bənzəyirdi.Uluların təcrübəsindən gətirdikləri misalları, yüz dəfə ölçülüb- biçilmiş həqiqətlər kimi onların hər söhbətinə can və qanad verirdi.”
Geniş coğrafiyanə əhatə edən Türk dünyası əzəldən mənəvi və fiziki gücün, qılınc və qələmin vəhdətində qərar tutub, beləcə ayaqda dayanmağa müvəffəq olub. Tarixə nəzər yetirin: hansı qüvvətli Türk hökümdarı qəzəl,qəsidə,məsnəvi,tuyuq,rübai yazmayıb?! Bəziləri sağlığında divanını üzə çıxarıb, digərlərinin ölümündən sonra şeir əlyazmaları tapılıb.
Aydınlar ulu türk səlnaməsinin qənimətləri sayılıb. Bu aydınlardan biri – Çinar Arıkanla ilk dəfə pandemiya dövründə görüntülü danışdım. Əvvəl – əvvəl karıxdım. Səbəbini söyləyim. Mənim bir əmoğlum vardı. Çox istedadlı publisist Feyzi Mustafayev. Aramızdakı yaş fərqinə görə ona “Feyzi əmi” deyə müyaciət edirdim. Təbəssümü üzündən əksik olmazdı. Yumşaq, həlim təbiətli, mehriban bir insandı. Ötən əsrin 70 – ci illərində, hələ kiminsə kimin kitabını oxuduğu dövrdə böyük şair Əli Kərimə ithaf etdiyi “Dinmə,ey kədər” kitabı populyarlıq qazanmışdı. Qısası, Çinar bəylə danışarkən bir anlıq mənə elə gəldi ki, telefonun ekranından Feyzi əmimi görürəm.
Sonra Çinar bəyin ömür – gün yoldaşı Fatma xanımı da tanıdım. Doğruymuş: ərlə arvadın torpağı bir yerdən götürülürmüş. Və düşünürəm: İlahi, görəsən bu cütlük nə vaxtsa bir qarışqanı belə, incidibmi?
İnanmaram, vallah, inanmaram!
Çinar Arıkan Anamurda doğulub. Bəlli etdiyi mənəvi ucalıq rəmzi – Torosların zirvəsi olub. Türkiyənin ayrı – ayrı bölgələrində dünyanın ən gözəl, gərəkli, işıqlı sənəti ilə məşğul olub – müəllimlik missiyasını yerinə yetirib. Maarif müfəttişi kimi fəaliyyətini davam etdirib, arada macal tapıb Anadolu Universitetшnin iqtisad fakultəsini də bitirib. Yetərincə ödül və sertifikatları var. Bilgisayar və İngilis dili kursları keçib. Eyni zamanda Mersində fəaliyyət göstərən MEYŞAD şairlər, yazarlar dərnəyinin başqan yardımçısıdır. Ədəbiyyatın təbliği və inkişafı yolunda fədakarlıq göstərir. Türkiyə – Azərbaycan ədəbi əlaqələrinin inkişafına böyük tövhə vermiş ziyalıdır.Amma gördüyüy bütün bu işlərdə heç bir maddi umacağı yoxdur. Ədəbiyyata sevgisindən və ürəyinin hökmündəndir.
Toros dağının saflığı, yörük yurdunun, Anamurun özəllikləri, irsə sayqı, ünlü ağsaqqalların öyüdü, nurüzlü, mələkmisal nənələrin söz boğçalarından qatı açılmamış kəlamlar, yörük kültürünün fəlsəfi yurd sevgisinə bələnmiş bir qələmdən ağ vərəqə süzülür və yaşam güvənci qazanır.
“Kitabı okumaya başladığımda bir de baktım ki, kendi cocukluğum anlatılıyor. Bizim Silifcenin söbücesinden Kırtıla göçümüzün aynısını bu kitapta buldum. Bu kitabta o kadar güzel hikayeler kaleme alınmış ki, insan bi solukta okuyuveriyor.”
Professor,Dr.Ali Berat Alptekin
Çinar Arıkan yaradıcılığı üçün etnomədəni çalar, dilin gözəlliyi, təhkiyyənin şirinliyi, arxaik sözlərdən bəhrələnmə, xarakterlərin çeşidliliyi və təsvirin qüdrəti, yəni mühitin, ab- havanın belə, ədəbi mətnə yansıması səciyyəvidir. Anamurun gerçək adamları, hər kəsin tanıdığı, ünsiyyətdə olduğu sadə zəhmətkeşlər Çinar bəyin təxəyyül süzgəcindən keçərək arınır, durulur, bədii obraz formasına uyğunlaşır. Və bu sadə insanların söylədikləri müdrik sözlər ibrətamiz fikrə, zərbül- məsələ, idiomatik ifadəyə, ata sözünə çevrilir. Onun hekayələrində həm yörük adət – ənənəsi ehtiramla yad edilir, həm də çağdaş zaman və sabahın müstəvisi üçün tətbiq və təşəkkül təntənəsinə qovuşur.Hikmət xəzinəsinin etimoloji – fəlsəfi dəyərini anlayırsan, el mistik qaynağının həqiqət rəngini görürsən. Böyük – kiçik davranışı etiketinin, ailə törəsinin, mütləq doğrunun mənəvi – tarixi – sosial laylarının söykəndiyi sərt qayaya tuş gəlirsən.
Yaradılış min bir naxışlı xalıdır. Ustad yazıçı həyat hadisələri ilə təxəyyülünün mükmməl vəhdətini yaradır. Dövr, mühit, etnomənəvi çalar da çeşidli ilmələrə dönür. Çinar bəyin naxış atıb, ilmə vurduğu o xalının kodunda yörük folkloruna baş vurursan, yörük mətbəxinin ətrini duyursan, türküləri, hekayələri, əfsanələri dinləmək imkanın yaranır. Yaşam tərzinə, törəyə, geleneklərə bələd olursan. Çinar Arıkan qələminin ahənrübası hesabına Torosun dağ yamaclarında üşüyürsən, çoban yapıncısı axtarırsan ki, bəlkə sazağın qarşısını ala. Bəzən də bəyaz buludlara simsar olursan. O buludların göy üzündən çəkilməsini qətiyyən arzulamırsan.
1500-2000 metr yüksəklikdə qərar tutmuş Taşeli yaylağından sübhün sərin mehi vurur üzünə, könlünə fərahlıq gətirir. Toroslar üçün yaylaq bir metafora, genetik koddur. Yaşlılar bu koddan sağlıqlı ömür umarlar, yeniyetmələr də sevda nəsiblərini götürərlər. Anamur- Oğuzların üç oxlar boyunun Dənizxan qolundan gələnlərin yurdudur. 1228- ci ildə türkmən yurdu kimi fəth edilib. Elə bu məntiqlə də kitabın ilk hekayəti Şıx Ömərlə başlayır. Anamurun fəthində müdrikliyi kara gəlmiş Şıx Ömər. Məhz onun ağlı, taktik qabiliyyəti sayəsində qalanın açarları türklərə təhvil verilir. Ömərin obrazı, xarakterik cizgiləri dolğun rənglərdə təqdim olunub.
Yörük türküləri və hekayələri yüzillər boyunca sürən yaylaq köçləri nəticəsində yarandı, dildən- dilə düşdü, bərkidi, zaman – zaman tarixin ərp bağlamış qatlarından keçdi, süzüldü, süzüldükcə xalq təfəkküründən, mifik yaddaşdan gələn haqq işığında aydınlandı, əbədiyyət sevgisinə bələndi və günümüzə gəlib çıxdı. O türkülərdən birində qəhrəman nakam sevgisinin acısını bəyan etdikcə Çinar bəyin qələmi ah çəkir, dərdlər göyə bülənd olur. Mehmet Tuna sevdalısı Sərvinazı obada qoyub mədrəsəyə – təhsil dalınca yollanır. Başqasına tuşlanmış güllə səhvən Sərvinaza dəyir. Çiçəyi burnunda adaxlı haqqa qovuşur.
Yalan dünya, səndən uzaq qalmadım,
Gəlin olub qoşun ata minmədim,
Səninlə bircə gün mehman olmadım,
Gülünü itirən Tunam ağlasın.
“Yörük qoca” əsərində bəmbəyaz saçlı və saqqallı qəhrəmanın dadlı təbəssümünü Çinar bəy rəssam dəqiqliyi ilə təsvir edir. Yaşına rəğmən qıvraqdır, şux yerişlidir. Son vaxtlar əllərində və ayaqlarında sızıltı duyan Sıtkı kişini oğlu həkimə aparır. Həkimin onun üçün tərtib etdiyi yemək qaydalarını özünəməxsus baməzəliklə qarşılayır.
1900 – cu illərdə poçtalyon Osman bəy Ermenek ilə Anamur arasındakı çox uzaq bir məsafəyə poçt daşıyır. Özünə də, atına da yemək və yem tədarükü ilə bərabər hər dəfə qorxulu bir yola çıxır. Çinar Arıkan bizi poçtalyon Osmanla birgə qışın qan donduran soyuğunda, yayın cırhacırında, quldurlarla dolu yol ilə Anadolu kəndlərinə səfərə çıxarır. Hekayəni həyəcansız oxumaq mümükün deyil. Fatma xanım Arıkanın redaktor olduğu “Yörük köçü” hekayələr kitabında ideya – estetik prizmadan hədəfə vurmayan yazı yoxdur. Bu kitab da ayrılıqda türk ədəbi – fəlsəfi təfəkkürünün təşviqi və təbliği missiyasına bir töhfədir.
Leksik – qramatik dil qurluşunun mükəmməllliyi, ifadə – üslub zənginliyi həm bədii – estetik zövqə xidmət edir, həm də Anamur insanının mədəni – ictimai, sosial – fəlsəfi baxış bucağını, mifoloji qata bağlılığını apaydın bəlirləyir. Çinar Arıkanın maraqlı şeirləri, publisistik yazıları da var və bu yazıların hər birində böyük bir türk sevdalısı insanın qəlb çırpıntıları eşidilir. Yenə Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlıdan bir misranı xatırlayıram:
Şimşəklər çinar tək sancılıb yerə,
Düşmənin gözünə dirsəkdi hər dağ.
Çinar bəy sovet dönəmində imperiya buxovunda inildəyən türk respublikalarının həsrət atəşinə dədə Çinar kimi söz kölgəsi salıb ovundurmaq hayındaydı.
“1979- cu ildəyik. Artıq mən 22 yaşında bir gəncəm. Səndən uzaqlardayam. Buraya gəlişim doqquz gün oldu. Türkmən çadırlarında sacda bişən çörəyin buxarlı qoxusunun ətrafa yayılıb insanın içinə çəkişdirməsi var ha, o qoxu nə isə, o şəkildə burum – burum tüstüləyirsən burnumda.
… Hazırda bu sətirləri səndən yüzlərlə kilometr uzaqda, Toros dağlarının zirvəsində, bir dağ qəsəbəsində ağlayaraq yazıram. Göz yaşlarım çıxmır, amma ürəyimə axır.
… Sən mənim könlümdə Krımlı Bikə, Azərbaycanlı Aybala, Türkmənistanlı Aybikə kimi bir qızsan. Sənə yanaşmağım onların türk diyarlarında sevgiyə, sevgiliyə həsrətlərindəki yanaşma kimidir.
Aybalam, Aybikəm, sarı çiçəyim,
Sənin uğrunda at sürdüm.
Çaylardan, yamaclardan, dağlardan,
Çeşmələrin axdığı yaylaqlardan keçdim.
Aybalam, Aybikəm, sarı çiçəyim,
Kimsəsiz, çarəsiz, kədərli əsir.
Əlbəttə ki, bizə zülm edənlərə
Bu millət bir gün gücünü göstərər.”
Çinar bəyin arzuları çin oldu. Zaman həqiqət donunu biçdi. Həsrətlərə son qoyuldu. Gülnarə Cəmaləddin demişkən:
“Səni görməsəm belə,
Həsrətinlə yoğruldum.
Mənim özbəözümdün,
Ruhumla bir doğuldum.
Ağrı- ağrı dolaşdım,
Ağrı dağında hər gün.
Xəyal atında min yol,
Sərhədlərini aşdım.
Uzunillik həsrətlə
Qovrulmuşdu bağrımız.
Sinəmizə türklüyün
Ölməz xəritəsini
Həkk etmişdi ağrımız.
Şükür, bu günə ,şükür!
Sevdiyimə qovuşdum.
Başı qarlı,dumanlı,
Dağlarıma ulaşdım.”
Əlbəttə, bu günə şükür! Şükür ki, Abdullah Ayata, Fethi Akın, Memduh Yağmur, Emrah Bekçi, Murat Alper, Sabina Urfan, Fatma Arıkan, Mustafa Doğan, Müberra Gönen, Ayşe Kantaroğlu, Ayzer Büyüker, İsa Kocakaplan, Ayşe Tunceroğlu kimi böyük türk aydınlarını tanıdım. Əsərləri ilə tanış oldum.Və Çinar bəyin əsərlərini oxudum.Çinar Arıkanın. Qosqoca Türk ruhunu anladan Çinar Arıkanın.
Belə ədəbiyyat nümunələri, inanıram ki, Türk ruhunu daim diri saxlamağa xidmət edəcək və ulu Türkün havacatını əbədi dinləyəcəyik.
Hafiz Ataxanlı
Yazıçı,ssenarist,kultroloq.