Ülvi Bünyadzadənin əziz xatirəsinə!

Biz yaşlandıq…
Sənsə elə əvvəlkitək gözəl qaldın!
Surətində o məsumluq…
Dalğalanan qara saçın…
Heç bilmədin,
sən gedəli
qəribsəmiş dəftərinə, kitabına layla çaldı
anan, bacın…
Səni geri qaytarmadı
nə ağılar, nə yalvarış..
Bir tarixə sığışmayan ömrün – ağa bürünmüş qış!
Günlər ötdü,
İllər keçdi,
Biz dəyişdik…
Gah yükləndik günahlarla,
Gah da günah təmizlədik!
Sənsə,
elə aydan arı-sudan duru gözlərinlə gülümsədin…
Nə bir könül yaraladın,
Nə bircə yol yalan dedin.
Adın kimi amalın da ülvi oldu, təmiz oldu,
Xəyalların yelkən kimi,
Arzuların dəniz oldu.
Şeirlərin sevilərək dildən-dilə dolandıqca
Səmalarda məmnun qaldın,
Ilham aldın.
Özü üçün yaşayanlar unuduldu,
Sənsə, əziz Vətən oğlu,
hər ürəkdə
məhəbbətlə xatırlandın!
Afaq Şıxlı
Moskva
Share: