Məhəmməd Samirin 15 yaşı var. Atası birinci Qarabağ müharibəsində döyüşüb, polismayoru olub və Bakıda mafioz qruplarla atışmada həlak olub. Qardaşı ikinci Qarabağ müharibəsində iştirak edib və ağır yaralanıb, hal-hazırda müalicə alır.
Məhəmməd Samir həm də tərcümələr edir, bir neçə dil bilir, şeir yazmağı sevir.
Müstəqil.Az tanınmış şair Esmira Məhiqızının təqdimatında M.Samirin iki şeirini təqdim edir
****
Bir qatar yolunda qırılır yolun,
Yollar da islanır yağış yağınca.
Qatar yolları tək yorulur qolun
Baxırsan yağışa hey yorulunca.
Qəm əsir üstünə, eləcə əsir,
İçində boğursan hələ səsini.
Yenə ümidini bir həsrət kəsir
Yenə xəyalında kimsə diksinir.
Yağır pəncərəndən yenə yağışlar,
Arzular gözündə qırılıb qalır.
Ümidin, istəyin, eşqin, həvəsin
Yolun yarısında yorulub qalır.
İndi o arzunun qalmağa yeri,
Təsəlli verməyə o səsi yoxdur.
İçinə bir sevgi almağa yeri
İndi o yerin də kimsəsi yoxdur.
O arzu yetimdi, o duyğu ölü
Qayıtmaz arzular qatar sonrası.
Ən gözəl duyğular özündə ölür,
Qanayır ömürlük eşqin yarası.
Bir qatar yolunda qırılır yolun,
Yollar da islanır yağış yağınca.
Qatar yolları tək yorulur qolun
Baxırsan yağışa hey yorulunca.
***
Bir dəli darıxmaq qaçır üstümə,
Bir dəli darıxmaq, indi döz deyir.
Payız bir tərəfdən, qış bir tərəfdən
Səbrimi, hissimi yeyir, hey yeyir.
Bu dəli darıxmaq nə vaxt başladı?
Kim bu darıxmağı adıma yazdı.
Quru budaqlarla payız şeirini,
Yaddaşıma yazdı, yadıma yazdı.
Yadımda ən qəmli nəğmələr dinir,
gözümdə ən mavi buludlar dolub
İndi də payızın xatirəsində
Bir dəli darıxmaq həmdəmim olub.
Baxıram payıza, payız da bitmir..
Beləcə baxacam son ana qədər.
Bir dəli darıxmaq hardasa, harda
Payız yarpağı tək solana qədər.