VAQİF OSMANOV
ÜMİDLƏRİN İŞIĞINDA UYUYAN SƏNSİZLİK
(“Yoxluğunun cazibə qüvvəsi”ndən ayrılmaq olmur)
(Birinci yazı)
Poeziya nədir sualının ən azı sözü, poeziyanı anlayan insanlar qədər cavabı var. Mənim düşüncəmə görə, poeziya insanı düşünməyə vadar edən mənəvi tapmacadır. Onun açmasını tapmaq, nəticə çıxarmaq sözün dəyərini bilənlərin işidir. Poeziya sevinc, kədər, vüsal, həsrət, heyrət, həyəcan selidir, duyğulu insanlar həmişə onun ağuşundadır. Əslində dünyanı fırladan ağıllı fikir, ölməz poetik düşüncədir.
Belə “filosof”luq eləməyimin səbəbi AYSEL SƏFƏRLİNİN “YOXLUĞUNUN CAZİBƏ QÜVVƏSİ” kitabındakı şeirlərdir. Gənc və istedadlı Aysel xanımın bəzən bənövşə kimi kövrək, bəzən də dənizdə dalğaların möhkəmləndirdiyi qayalar kimi sərt misralarının isti yuvası olan bu kitab şairin (şairə demirəm, çünki sözə aşiq olanları cinslərə bölməzlər) özünütəsdiq üçün bizə təqdim etdiyi ikinci vizit vərəqidir. Şeirlərin cazibə qüvvəsinə düşəndə hiss etmirsən ki, müəllif xanımdır, yoxsa bəy. O, Söz aşiqidir. Əsl poeziyanın yaradıcısı belə olmalıdır. Aysel xanımın lirik qəhrəmanının hissləri səmimidir, qürurludur, mətindir, həm də incə. İstər “sənsizlik”dən yazsın, istərsə də “səninəm” desin…
Üzündən, gözündən, düşüncələrindən gecələr gözəli Ayın seli – nuru axan Aysel xanımın şeirlərində həm də Günəşin hərarətini duymamaq olmur. İşıq onun poetik səyahətində əbədi yol yoldaşıdır. Məncə əsl poeziya işığın sinonimidir, zülmətə düşmən işığın…
“Taleyinin öz fırçasıyla dərdin şəklini çəkən” şairin kədərində – “sənsizliyində” də uzaq üfüqlərdən nur boylanır. Çünki onun “köksündəki narahat vuran adi ürək deyil, Ana qəlbidir”, Ata qürurudur. Aysel xanımın nisgilində də bir sevinc görünür. Ananın “qara gözlərindən ömrünə dolan sevgiylə arzuları hər an hey gülür”, bir möhtəşəm inama arxayındır ki, “övlad sevgisiylə, bala dadıyla gözəldir həyat”…
Həmişə Atanın “sevgi dolu güvənli qollarında körpə uşaq kimi uyuyan” Aysel xanımın uşaqlıq çağlarını Ata itkisi “öldürsə” də, yaşını artırsa da, Ata hamımız kimi onun üçün də əbədi ilk sevgi olaraq qalır:
İlk sevgilim idi o,
Varlığıma güvən verən
Yenilməz qalam,
Ən uca zirvəm.
Qaranlığıma nur qatan idi…
Verdiyi hər nəfəsdə döyünərdi ürəyim.
O idi havam, suyum, çörəyim…
Hər büdrəyişimdə
Əlimdən tutan idi…
Aysel xanımın hədsiz təəssüflə “itirdim gözümün fırçasını da, rəngli görəmmirəm ömrümü daha” nigaranlığında ömrün min bir çalarının rəngləri aydın görünməkdədir. Bu bəsirət gözünün açıqlığındandır. Onun şeirlərindəki iki qütblü sevinc və kədər rənglərinin nisbətini hesablamaq istədim. “Əlil arabasında qismətinə doğru addımlayan bəxtinin ayaqlarının” mütləq sevinclə qarılaşacağına inandım. “Gülüşün yırtıq donuna oturub yamaq tikən” şair xanım gülüşünə sonda allı – güllü təzə don tikir, oxucunu ümidə hamilə edir. Bu əbədi hamiləlikdir, onun içində həmişə körpə gülüşünü səsi gəlir. Düzdür, “hər gün zəhər kimi sənsizliyi içən” Aysel xanımın lirik qəhrəmanının “həsrətinin dar libası cırılsa da”, oradan vüsal görünür, sevinc azadlığa çıxır:
Bir ümiddir mənimki
Tutmuşam ətəklərindən…
… Kəpənək ömrüm
Uçur ovcumdan,
Ümidlərin tərkində…
Poeziyaya könül verənlər ilin fəsilləri kimidir. Poeziya vurğunlarını sözlə qızmar yay Günəşi kimi yandırıb yaxmaq, baharı muştuluqlayan boynubükük bənövşə kimi kövrəltmək, sözün sehrinə qoşub sərgərdan payız xəzəlləri kimi uzaqlara aparmaq, üşüyən torpağın yorğanı qara bürüyüb bəyaz gözəliiyin içindəki tərtəmiz arzulara səsləmək olar. Aysel xanımın şeirlərində məni daha çox özünə bağlayan payız kövrəkliyi və həsrətidir:
Ağaaclardan soyunan
Budağın yetimiyəm.
Toxunmayın, ağlaram,
Bu gün dəniz kimiyəm.
Payız və dənizin belə uğurlu vəhdəti məni duyğular selində çimizdirdi, təmizlədi…
Aysel xanımın lirikasında lirizmlə yanaşı poetik informasiyanın obrazlı təsviri uğurla birləşdirilmişdir. Çünki şair ana dilimizin incəliklərinə bələddir, dilin dərinliklərinə baş vurmağı bacarır:
Deyəsən barışdım artıq…
Kürəyimdə xəncərinin
İzi qalan taleyimlə…
***
Gecə sıxmış yaş köynəyin asılmış nəm saçlarımdan,
Yanağımda öpüş yeri, taleyin sərt şilləsinin…
***
Həsrətinin cümlə təhlilində
Zəifəm, səhvəm.
Mübtədamın xəbəri çox,
Ömrüm kimyəvi məhlulların içində
İntihar edir,,
İndi
Yoxluğunun cazibə qüvvəsi
Məni bu dünyadan çıxmağa
Məcbur edir…
“Yalanlar əkiz doğulan dünyada qəmin gözündə dərdi oynayanlar, həsrətlə kəbin kəsdirənlər, eşq odunda əriyib xoşbəxt qadına dönənlər yoxluğunun cazibə qüvvəsi”nə düşüb “düsturu olmayan eşqin, qanunsuz fizikanın, qəbuledilməz həyat fəlsəfəsinin” qanunlarından kənarda yeni dünya axtarışındadırlar. Şairlər yeni dünya yaradıcılarıdır. Aysel xanımın poetik dünyası da yenidir, cəlbedicidir, özünəməxsusdur. Onun sevgi planetinin öz biçimi, öz vaxtı var:
İndi varlığına sığınıb,
Yenidən başlayıram həyatı.
Ürəyinin işığında ovunub
Yeni sabaha başlamaqçün,
Sevginə qurmuşam saatı…
Birinci yazının sonu.
VAQİF OSMANOV. iyul 2019.