Sabah – dekabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin haqq dünyasına qovuşmasının 17 ili tamam olur. Bu münasibətlə bu günlərdə qədirbilən xalqımız xüsusi sevgi və məhəbbətlə öz müdrik liderini yad edir.
Müstəqil Azərbaycan dövlətinin həyatında son dövrlər yaşanan möhtəşəm tarixi hadisələr – başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla müzəffər ordumuzun 30 ilə yaxın düşmən işğalı altında qalmış Qarabağ torpaqlarını azad etməsi və milli tariximizin qəhrəmanlıq səlnaməsinə yeni şanlı səhifələr yazması Ümummilli Liderin ruhuna bu ilin ən böyük hədiyyəsi oldu!
Müstəqil.Az bildirir ki, bu sözləri Prezidentin sabiq köməkçisi, tanınmış ictimai-siyasi xadim, professor Əli Həsənov özünün sosiaı şəbəkədəki səhifəsində yayınlayıb, O qeyd edib:
“Şüurlu həyatımın otuz ilini siyasi və dövlətçilik kursuna həsr etdiyim və bu gün də bacardığım qədər siyasi irsinin təbliğinə çalışdığım Ümummilli Liderin Azərbaycan tarixindəki yeri və rolu ilə bağlı vacib hesab etdiyim bir neçə əsas qənaətimi hörmətli oxucularımın və bütün ölkə vətəndaşlarının diqqətinə çatdırmaq istəyirəm.
1. Heydər Əlirza oğlu Əliyev 1923- cü il may ayının 10-da dünyaya gəlmiş, 2003-cü ilə qədər mənalı bir həyat yaşayaraq fəaliyyət göstərmiş, öz qlobal düşüncə tərzi və bəşəri fəaliyyəti, müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyəti, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığı ilə Azərbaycanda Ümummilli Lider səviyyəsinə yüksəlmiş və adını tarixə əbədi həkk etmiş görkəmili siyasi və dövlət xadimi, qüdrətli tarixi şəxsiyyət olmuşdur.
2. Heydər Əliyev öz fitri istedadını, dərin zəkasını, bilik və bacarığını daim bütün azərbaycanlılarının qəlbində yaşayan milli dövlətçilik ideyalarının gerçəkləşməsinə yönəltmiş, öz dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmış və dinamik inkişafını təmin etmiş BÖYÜK AZƏRBAYCANLI olmuşdur.
3. Vətənə məhəbbət, Azərbaycan xalqına və dövlətinə bağlılıq bir siyasi xadim olaraq onu bütün həyatı boyu fərqləndirmişdir. İstər sovet hakimiyyəti zamanı işlədiyi və fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə Heydər Əliyev daim öz doğma Azərbaycanına ləyaqətlə xidmət etmiş, ölkəni geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye dövlətinə çevirmiş, onun sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmiş, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektul gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz nailiyyətlər qazanmışdır.
4. 1990-cı ilin əvvəllərində, SSRİ-nin süqutu ərəfəsində Azərbaycanda milli-vətəndaş qarşıdurmasının vüsət aldığı, etnik separatizmin baş qaldırdığı, torpaqlarımızın bir-birinin ardınca işğal olunduğu, ölkənin daxildən və xaricdən ciddi xaos və anarxiyaya sürükləndiyi, sosial-siyasi böhranın günü-gündən dərinləşdiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Moskvadan geri qayıtmış, doğma Vətənində milli-vətəndaş birliyinin yaradılması, dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyin bərpası istiqamətində əsl tarixi missiya həyata keçirmişdir. Hə qədər ağır və çətin olmasına baxmayaraq, Heydər Əliyevin 1990-1993-cü illərdəki fəaliyyəti- öz xalqının milli azadlıq və müstəqillik uğrundakı mübarizəsinə qoşulması və faktiki olaraq müstəqillik uğrunda mübarizə hərəkatına rəhbərlik etməsi dövrü Azərbaycan dövlətçiliyinin və milli tariximizin ən parlaq səhifələrini təşkil edir.
5. 1993-cü ildə Azərbaycan dövlətçiliyinin çətin sınaqlar qarşısında dayandığı, dağılma və məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Heydər Əliyev xalqın çağırışına səs vermiş, onun tələbi və dəsrəyi ilə yenidən ölkə rəhbərliyinə qayıtmış və xüsisi Qurtuluş missiyası həyata küçirərək, milli dövlətçiliyin XİLASKARINA çevrilmişdir.
6. Sonrakı 10 il müddətində – 1993-2003-cü illərdə müstəqil Azərbaycan Respublikasında Heydər Əliyevin rəhbərliyi altında milli inkişafın əsasları yaradılmış – daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin edilmiş, Azərbaycanın daxili və xarici siyasətinin, dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin əsaslı inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir. Heydər Əliyev bu mərhələdə həlledici tarixi xidmət və uğurlu fəaliyyət göstərərək həm də müstəqil Azərbaycan dövlətinin QURUCUSUNA çevrilmişdir.
7. Hazırda Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə, yaratdığı müstəqil Azərbaycan dövlətinə və onun ideoloji sütunu hesab olunan azərbaycançılıq məfkurəsinə bəslənən münasibət “öz doğma xalqına sədaqətli xidmətin və bu yolda hər cür fədakarlığa hazır olmanın” əsl nümunəsi hesab olunur və bu prinsip siyasətlə məşğul olan indiki və gələcək siyasi xadimlər üçün vacib qiymət meyarına və pozulmaz postulata çevrilməlidir.
8. Ulu Öndərin öz dəyərini həmişə saxlayacaq uzaqgörən siyasəti, parlaq dühası və zəngin irsi Azərbaycanın uğurlu inkişafının təməlində dayanır. Bu gün dinamik inkişaf edən, region və dünya siyasətində, əksər transmilli layihələrdə öz dəst-xətti ilə seçilən müasir Azərbaycan Respublikası Heydər Əliyevin yadigarı və şah əsəridir. Hər bir vətənsevər azərbaycanlının Ümummilli Liderin unudulmaz və əziz xatirəsi qarşısındakı müqəddəs borcu müstəqil və qüdrətli Azərbaycan dövlətini qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.
9. Heydər Əliyevin xilaskarlıq, quruculuq və vətənə xidmət missiyasının, liderlik keyfiyyətlərinin, milli dövlətçilik təfəkkürünün, peşəkar idarəçilik təcrübəsinin, zəngin siyasi irsinin və onun birbaşa xidmətləri sayəsində tamamlanaraq milli ideologiya səviyyəsinə qaldırılmış azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və hərtərəfli inkişaf etdirilməsi Azərbaycan elitası qarşısında dayanan bugünkü əsas vəzifələrdən biridir.”
Müstəqil.Az