Ulu öndər Heydər Əliyev Naxçıvan əhalisinin və ictimaiyyətinin böyük dəstəyi və təkidi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.
Bu fikirləri saytımıza açıqlamasında VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü Tamam Cəfərova deyib.
O bildirib ki, Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, biliyi, idarəçilik təcrübəsi ilə bu günümüzə, sabahımıza bələdçilik edən ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Hələ SSRİ-nin rəsmən mövcud olduğu çətin bir dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda müstəqil Azərbaycan dövlətçiliyinin ilkin təməlləri hesab olunacaq səviyyədə mühüm işlər həyata keçirildi. İlk növbədə, qeyd edilməlidir ki, Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi öz-özlüyündə həmin dövrdə çox demokratik bir hadisə idi.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıb.
Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Beləliklə də, davamlı uğurların qapısını açmış müstəqillik tariximizin parlaq səhifələrinin əsası qoyuldu.
Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edən Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir, müstəqil və bütöv Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında daha da güclənərən, inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək, bütün vədlərinə əməl edən böyük Sərkərdə və Lider kimi dünyada öz sözünü dedi.