Fevralın 23-də Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tərəfdaşlığı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” – İqtisadçı Tələbələrin I Şəbəkələşmə Forumu keçirilib.
xəbər verir ki, Forumun məqsədi iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələrin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı maarifləndirilməsi və Milli Prioritetlərin həyata keçirilməsində onların rolunun artırılmasından ibarət olub.
Forumun açılışında çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru dos.Səadət Qəndilova iştirakçıları salamlayaraq, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in gənclər, xüsusilə də iqtisadçı tələbələr arasında təbliğinin vacibliyindən danışıb. O, forum çərçivəsində ilk dəfə olaraq, iqtisadiyyat ixtisası üzrə təhsil alan gənclərin bir araya gəldiyini, panel sessiyalarda müəllim və tələbələr tərəfindən Milli Prioritetlərin bütün istiqamətlərini əhatə edən müzakirələrin aparılacağını bildirib.
İqtisadçı Tələbələrə Dəstək İB-nin sədri, forumun moderatoru Səməd Rzazadə aparılan müzakirələrdə milli prioritetlər barədə gənclərin məlumatlandırılacağını, onların bu istiqamətdə təkliflər və təşəbbüslərinin aidiyyəti qurumlara təqdim olunacağını bildirib. Eyni zamanda tələbələrdən ibarət yaradılmış işçi qrupunun üzvləri ilə bir sıra dövlət qurumlarının rəsmiləri arasında görüşlərin keçirilməsinin və müzakirələrin aparılmasının nəzərdə tutulduğunu bildirib.
Sonra Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, UNEC-in dosenti Elşad Səmədzadə,“İqtisadiyyat” kafedrasının müəllimi Aslan Əzimzadə və UNEC Tələbə Gənclər Təşkilatının sədri Jalə Teymurlu mövzu ilə bağlı çıxışlar ediblər.
Forum rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və yaşıl artım ölkəsi mövzularına həsr olunan panel sessiyalarla davam edib.
Sonda çıxış edənlərə sertifikatlar təqdim olunub.