NƏ VAR?!
Allahım, sən ruzi yetir,
Yetimlə bölməyə nə var?!
Qədir bilən bir el üçün
Ölərəm, ölməyə nə var?!
.
Sən olmusan daim andım,
Niyə düz işimdə yandım?
Mən gülməyi yadırğadım,
Demə ki, gülməyə nə var?!
.
Dərd var, bilmirəm yaşını,
Dərd var, itirdim başımı.
Göz çıxaran göz yaşını
Demə ki, silməyə nə var?!
.
Nə istəyir qəm məndən, nə?
Söyləsin mərdi-mərdanə.
Mən sənin bəxtsiz bəndənəm,
Baxan tək bilməyə nə var?!
.
Nə çıxacaq mən yazandan?
Sənsən tale, bəxt yazan da.
Yaxşı günü sən yazanda,
Yaxşı gün görməyə nə var?!
DÜNYA BİZİ ALDADIR
Qarası ağ görünür,
Dərəsi dağ görünür,
“Ölü”sü sağ görünür,
Dünya bizi aldadır.
.
Arxa durur yamana,
Sığal çəkir ilana,
Rəng qatır hər yalana,
Dünya bizi aldadır.
.
Nakişiyə yetirir,
Yaltağa bal yedirir.
Haqq-hesabı itirir,
Dünya bizi aldadır.
.
İşi ürək qırmaqdı,
İşi kələk qurmaqdı,
Bu da təzə qarmaqdı…
Dünya bizi aldadır.
.
Çək düz olan yer adı,
Düzə nə vaxt yaradı?
Kürəyimiz yaradı,
Dünya bizi aldadır.
.
Ölüm-itim xoşladı,
Hər tərəfdə – “Xaş” dadı.
Yaxşıları xərclədi…
Dünya bizi aldadır.
ADAM KİMİ YAŞAYASAN
Dünyaya gəlirsən ki,
Dərd yükü daşıyasan?
Doğuldun adam kimi,
Elə də yaşayasan.
.
Nə yada üzün gəlir,
Nə də indi doğmaya.
Hamilə gecələrin
Hər səhər dərd doğmaya.
.
Əzrayıl axtarmaya,
Özün “Gəl!” deyənəcən.
Vurulasan birinə,
Sevəsən ölənəcən.
23.10.2023
DƏRDİ BAŞINA ÇIXARTMA
Dərdsiz mümkün deyil, amma
Çox da yaxına buraxma.
Qapını min dərd döyəcək,
Açsan da, üzünə baxma.
.
Gözlərində qorxu görsə,
Əvvəl-axır səni əyər.
Yaxşı gündə sevincini,
Pis gündə ömrünü yeyər.
.
Sıxmadığın dərdlər hər gün
Sıxacaq səni, sıxacaq.
Yıxmadığın bir dərd qalsa,
Yıxacaq səni, yıxacaq.
.
Bacardıqca doğra, kəs at,
Dərdini özün çoxaltma.
Gəldi, ayaqaltı elə,
Dərdi başına çıxartma.
BU, NECƏ UNUTMAQDI?
Deyirsən ki, unutmusan
Unudanı sən də çoxdan.
İnandırmaq istəyirsən,
İnanmırsan özün çox da.
.
Bu, necə unutmaqdı ki,
Əksi hələ gözlərində?
Buna unutmaq deyirsən?
Qayıt deyir gözlərin də.
.
Unutmusan? Onda sənin
Səsindəki qəhər nədir?
Hər yazı yazdığın kimi,
Hər dərd dözdüyün qədərdir.
.
Unudanı unutmamaq
Özünə bir xəyanətdir.
Layiq olmayanı sevmək
Sevgi deyil -“cinayətdir”.