Sabiq Baş prokurorun “5-ci kalon”a mənsub, ermənilərlə qohumluğu olan, Moskvadan təlimat alan bir qrup məmur tərəfindən dövlətin korrupsiya bataqlığında zəiflədilməsinə niyə “göz yumduğu” ortaya çıxarılmalıdır!
Bu gün iri ranqlı məmurların, nazirlərin, onların yan-yörəsindəki şəxslərin uzun illər hamının gözü qarşısında baş verən cinayətlərə görə məsuliyyətə cəlb edildiyini görəndə, istər-istəməz sual yaranır ki, bəs, indiyə qədər bu ölkənin Baş prokuroru harada olub? Ümumiyyətlə, olubmu, əgər olubsa, hara baxıb, nəylə məşğul olub?
Ötən ilin mayında, 20(!) il Baş prokuror kreslosunda oturandan sonra Zakir Qaralovun istefaya göndərilməsi cəmiyyət, xüsusilə də hüquqşünaslar tərəfindən az qala Ramiz Mehdiyevin yola salınması qədər gecikmiş addım kimi qəbul olundu. Bu da təsadüfi deyildi. Çünki çoxlarının fikrincə, prokurorluq orqanı, dövlət ittihamçısı, nəhayət Baş prokuror statusunu elə Mehdiyevin şəbəkəsinə bağlı olan Qaralov qədər ucuzlaşdıran, urvatsız, hörmətsiz edən, insanlarda özünə qarşı ikrah hissi yaradan ikinci bir şəxs təsəvvür etmək mümkün deyildi…
Uzun illər boyu Azərbaycan beynəlxalq reytinqlərdə korrupsiya indeksində ildən-ilə irəliləyib, amma Baş Prokurorluğun korrupsiya ilə real mübarizəsinə rast gəlməmişik. Deyək ki, iri ranqlı korrupsionerlərə məlum səbəblərdən “dişi batmırdı”, bəs nisbətən kiçik, ortabab rüşvətxorlara da bata bilmirdi? Təbi ki, bilirdi, sadəcə məlum maraqlar qarşılığında və ya xüsusi məqsədlərlə hər şeyə göz yumulurdu…
Hər halda öz peşəsini, vəzifəsini, dövlət, xalq, qanun qarşısında məsuliyətini azacıq da olsa dərk edən və şəxsiyət kimi formalaşan istənilən vəzifəli məmur ən azından heç olmasa rəhbərlik etdiyi qurumun acınacaqlı, hörmətsiz duruma düşməsinə, özününsə adının korrupsiyada, rüşvətlə yanaşı digər rüsvayçı qanunsuz əməllərdə hallanmasına yol verməz. Xüsusilə də bir ölkənin normal Baş prokuroru şəxsi həyatı, davranışları bir kənara, hansısa biznes strukturunun, tikinti şirkətinin başçısı kimi tanınmasını heç cür qəbul etməzdi.
Hələ vəzifədə olduğu dövrlərdə prokurorluq işçiləri Qaralovun öz kabinetini “Akkord” şirkətinin baş ofisinə çevirdiyini gizlətmirdilər. Özü də bu şirkətin adı ən bahalı, ən çox korrupsiyalaşmış, şişirdilmiş infrastruktur və yol tikintisi layihələrində keçirdi. Belə olan halda, Qaralov kimisindən məmur oliqarxiyası, korrupsiya, tender cinayətləri və s. ilə mübarizə-filan gözləməyə dəyərdimi?
Vəzifədə olduğu müddətdə Zakir Qaralovun barəsində deyilməyən söz, adının keçmədiyi qanunsuz əməl, korrupsiya, rüşvət və digər hallar qalmadı. Lakin sanki deyilənlərin ona heç bir aidiyyatı yox idi. Tanıyanlar iddia edirlər ki, bu adamı heç vaxt şəxsi reputasiyası maraqlandırmayıb, barəsində deyilənlər, yazılanlar, cəmiyyətin, həmçinin prokurorluq işçilərinin ona və rəhbərlik etdiyi quruma münasibəti vecinə də olmayıb – “təki, pul gəlsin”.
Bir anlığa şəxsi keyfiyyətləri sarıdan, məsələn, 1985-1990-cı illərdə Azərbaycan SSRİ-nin Baş prokuroru olmuş İlyas İsmayılovla Qaralovu müqayisə etmək kifayətdir ki, Baş prokuror məvhumunun haralardan haralara gəldiyi barədə təsəvvür formalaşsın. Yeri gəlmişkən, Qaralovun ətrafındakılar da onun özündən çox fərqlənməyib.
Məsələn, 15 il 1-ci müavin postunu tutmuş Rüstəm Usubov hətta bəzən Qaralovdan da betər birisi kimi tanınıb. Təkcə Hacı Məmmədovun işi və Rəna Nəsibovanın ölümüylə bağlı epizodu qeyd etmək kifayətdir ki, Qaralovun və Usubovun hansı “saleh əməllər” sahibi olduqları bir daha yada düşsün.
Həmin vaxt Hacı Məmmədovun işinin Baş Prokurorluqdan alınması da Qaralovun və ətrafının nə dərəcədə “etibarlı və dürüst” olmasının bariz göstəricilərindən biri idi.
Mətbuatda dəfələrlə dərc edilən və təkzib olunmayan məlumatlarda Qaralovun adı Beynəlxalq Bankın talan edilməsində də böyük hərflərlə keçir. Həmin məlumatlara görə, sabiq Baş prokuror şirkətlərinin əli ilə bankdan götürdüyü təxminən 700 milyon manat vəsaiti hələ bu gün də geri qaytarmayıb.
Həmçinin, Qaralovun adı “Zaminbank” ASC-nin sədri Nadir İsmayılovun işində də keçir. Bildirilir ki, N.İsmayılov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin vasitəsilə ölkə daxilindən vəsait çıxararaq Qaralova xaricdə əmlak əldə etməyə kömək edib.
Bunlar üzə çıxan və mətbuatda dərc edilən əməllərdir, hələ Qaralovun pul, biznes məsələlərilə bağlı sadalamadığımız və bilmədiyimiz daha nələr-nələr var… Unutmayaq ki, bütün bu epizodlarda söhbət hansısa dələduz iş adamından yox, bir ölkənin Baş prokurorundan gedir…
Bəs, bu gün Qaralov haradadır, nəylə məşğul olur, hansı məshəbə qulluq edir? Ümumiyyətlə, belə adamlar unudulmağa, üz-arada görünməməyə üstünlük verirlər ki, bu da başa düşüləndir. Belələri bilirlər ki, cəmiyyətə lazım olmadıqları kimi, artıq hakimiyyətə də gərək deyillər. Əgər belə olmasaydı, 20 il Baş prokuror olmuş, pis-yaxşı təcrübəyə malik Qaralova hansısa simvolik də olsa “yüngülbari” bir vəzifə verilərdi…
Mətbuatda Qaralovla bağlı dərc edilən son məlumardn birində deyilir ki, Gürcüstanın Maliyyə Monitorinq Xidməti Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun və onun ailə üzvlərinin bu ölkədəki əmlakları və dövriyyədə olan maliyyə vəsaitləri ilə bağlı araşdırma aparacaq.
Məlumata görə, Zakir Qaralov və qardaşlarının bu ölkədə dəyəri yüz milyonlarla ölçülən əmlakı var. Həmin əmlakların hansı yolla əldə edilməsi bu ölkənin Malıyyə Monitorinqi Xidmətinin araşdırması olacaq.
Başqa bir məlumatda isə deyilir ki, o, bu yaxınlarda biznesinin idarə olunmasını həvalə etdiyi qaynı Elmar Əliyevlə hesabat apararkən on milyonlarla vəsaitinin yoxa çıxmasını aşkarlayıb. Belə ki, qaynı vasitəsi ilə qurduğu bizneslərə külli miqdarda pul qoyan Qaralov hesabat zamanı qoyduğu pulların nəinki gəlir gətirdiyini, əksinə yoxa çıxdığını görüb. Elmar Əliyevlə mübahisə edən Qaralov indi ondan pullarını tələb edir. Məlumatda deyilir ki, hətta pula görə, Qaralov qaynı ilə əlbəyaxa da olub. Bir neçə gün əvvəl mətbuatda dərc olunan bu məlumat təkzib olunmayıb. Baxın, bu da 20 il Azərbaycanın Baş prokuroru olmuş adam…
Ümumiyyətlə, Azərbaycanın xüsusiə də müstəqillik illərində Baş prokuror sarıdan bəxti yumşaq desək, bir o qədər gətirməyib. Azərbaycan yenidən müstəqillik qazanandan sonra Baş prokuror olan İxtiyar Şirinovu Surət Hüseynov Gəncədə döyüb zirzəmiyə salmışdı, o da Prezident Əbülfəz Elçibəyin həbsinə order imzalamışdı.
Əli Ömərov da rüsvayçılıq sarıdan Şirinovdan geri qalmadı. Sonrakı Baş prokuror Eldar Həsənov isə hazırda məhbus həyatı yaşayır və cinayətdə ittiham olunur. Nəhayət, Zakir Qaralovun yuxarıda qeyd etdiyimiz kimi, xüsusi təqdimata ehtiyacı yoxdur.
Məsələ həm də ondadır ki, digər Baş prokurorlar çox az, 2-3 il, ən çoxu 4-5 il işləyiblər, Qaralovsa düz 20 il.
Azərbaycanda “5-ci kalon”a mənsub, ermənilərlə qohumluğu olan, Moskvadan təlimat alan bir qrup məmur tərəfindən ölkənin sərvətlərinin talanmasında, əhalinin hökumətdən narazı salınmasında, dövlətin korrupsiya bataqlığında zəiflədilməsində Baş prokuror kimi Qaralovun da böyük günahı olduğu şübhə doğurmur. Bunun arxasında hansı niyyətin dayandığını, Qaralovun bu talançılağa “göz yummasında” məqsədinin nə olduğunu, bunu öz maraqları üçün, yoxsa bağlı olduğu şəbəkənin rəhbərlərindən aldığı təlimatla etdiyi əlbəıttə, araşdırılaraq ortaya çıxarılmalıdır. Və cəzasız buraxılmamalıdır…Həm məntiq, həm də real şahidlik etdiyimiz əməllər nəzərə alınsa, Qaralovun cəzası da günahları qədər ağır olmalıdır.
Ümid edirik ki, hələlik müəyyən səbəblərdən “yaddan çıxan” bir çoxları kimi, o da tezliklə uzun illər altını oymağa çalışdığı dövlətin sərt üzü ilə qarşılacaq!
Ona da ümid edək ki, Qaralovla bağlı hansı tədbirin görülməsindən asılı olmayaraq, Azərbaycanda bir daha belə bir Baş prokuror olmayacaq…
Cəlal Məmmədov
(azpolitika)
mənbə:Yenixeber.org