Fevralın 14-ü təzə nəşr olunmuş “Unutmadıq Şəhidim!” kitabımı da götürüb, ailəmlə birlikdə üz tutduq Salyan şəhərinə, şəhid ailələrimizi ziyarət edib, əmanətlərini çatdırmağa.
İlk olaraq bizi Salyanın Qaraçala kəndində balaca şair Emin Bayramlı və atası Elşad müəllim qarşıladı. Biz birlikdə Qaraçala qəsəbəsində şəhidlərimizə həsr olunmuş “Bayrı Mirzə oğlu İmanov adına bulağ”ı ziyarət etdik. Bulağın tarixcəsi haqqında maraqlananda məlum oldu ki, bulağı şəhid Bayrı İmanovun atası Mirzə İmanov öz şəxsi hesabına tikdirib. Lakin tək oğlunun deyil, eləcə də rayonun digər on beş şəhidinin də bulağın üzərində şəkillərinin əks olunaraq, xatirələrinin yaşadılmasını istəyib. Şəhidlərimizin xatirəsini yad etdikdən sonra yola düşürük, elə Qaraçala qəsəbəsi Arxarası kəndinin Vətən müharibəsində ilk şəhidi Kənan Həsənovun ailəsinə. Şəhidimizin qardaşı bizi qapıda qarşılayıb evə dəvət edir. Şəhidimizin anası iki gözü giryan, ürəyində bala dərdi ilə qonaqlarını salamlayıb, nəmli gözlərini silməyə çalışır. Biz otağa daxil oluruq. Otağın bir küncündə şəhidimizə həsr olunmuş güşədə onun şəkilləri və haqqında yazıların yer aldığı qəzetlər yer alıb. Emin bayramlının şəhidimizə həsr etdiyi şeir çərçivəsi də divarda şəhidimizin şəklinin yanında asılıb. Mən guşəyə yaxınlaşıram, gözümə bir neçə saat dəyir. Birini əlimə götürüb, şəhidimizin qardaşından şəhidimizin vəsiyyət etdiyi saatın hansı olduğunu soruşuram. O, qolundakı saatı göstərib, qolundan çıxartmadığını bildirir. Sözün açığı saata baxdıqca gözlərim dolur. Şəhidimiz son nəfəsində yanındakı əsgər yoldaşına “saatımı qardaşıma verərsiz”-demişdi. Mən gətirdiyim kitabları və şəhidimiz haqqında yazılarımın dərc olunduğu “Nöqtə” qəzetlərini ailəmizə təqdim edirəm. Ananın gözləri şəhidimizə həsr etdiyim şeir çərçivəsinə sataşır.
-Çox sağ olun, şeiriniz bizi çox kövrəltdi- deyir.
Mən təşəkkürümü bildirirəm. Şəhidimizin qardaşı hədiyyələrimi güşəyə yerləşdirir. Elə bu zaman sorağımızı eşidən şəhidimizin atası Elşad müəllim də qapıdan girir. Məlum olur ki, şəhidimizin atası kəndin girəcəyində oğlunun xatirəsinə öz hesabına bulaq çəkdirir. Bulaq şəhidimizə həsr olunsa da, başqa şəhidlərimizin də şəkli olacağını bildirən Elşad ata “bütün şəhidlər mənim balamdır”-deyir. Söhbətimiz zamanı şəhidimizin anası deyir ki…
-Mənim tək bir arzum var, kəndimizdəki məktəbə oğlumun adı verilsin. Mənim balam bu Vətən üçün canından keçdi. Adı yaşasın. Məktəbə adını versinlər ki, balam unudulmasın. Xatirələri yaşasın. Bizə qələbə xəbərini şəhid balam verdi. Noyabrın 10-u ardaşının yuxusuna girib “Müharibə qurtarıb xəbəriniz varmı?” -deyib. Səhər telefonu açdıq ki hər kəs qələbə xəbərini paylaşır. Mənim oğlum qanıyla tarixə qələbə yazıb. Adını məktəbə versinlər ki, bütün nəsillər qanlarıyla tarix yazan oğulları unutmasınlar.
Ananın sözlərini diqqətlə dinləyib gücüm çatdığı qədər şəhidimizi tanıtmağa çalışacağımı bildirirəm. Ailə ilə sağollaşıb, Salyanın Qaradağlı kəndinə şəhid Samir Mustafayevin ailəsigilə yola düşürük. Ailə bizi qarşılayıb evə dəvət edir. Otaqda şəhidimiz üçün ayrılan güşədə müxtəlif zamanlarda çəkilmiş şəkilləri və Emin Bayramlının şəhidimizə həsr etdiyi şeiri yer almışdı. Mən şəhidimiz haqqında yazılarımızın dərc olunduğu “Nöqtə” qəzetlərini, şəhidimizin yer aldığı “Unutmadıq Şəhidim!” kitabımı və şəhidimizə həsr etdiyim şeir çərçivəsini ailəyə təqdim edirəm. Şəhidimizin bacısı hədiyyələrimi güşəyə yerləşdirir. Ailə üzvləri ilə biraz söhbət edib düşürük yola. Bu dəfə yolumuz Salyan şəhərinin Sarvan kəndinədir. Kəndin girəcəyində gənc şairə Fatimə Səhhətqızı atası ilə birlikdə yolumuzu gözləyir. Biz onlarla görüşüb, birlikdə üz tuturuq şəhidlər xiyabanına. Şəhidlərimizi ziyarət etdikdən sonra şairəmizin qohumu şəhid Zəmanət İbrahimovun ailəsini ziyarətə gedirik. Bizi şəhidimizin anası qarşılayır. Şəhidimizin iki gül balası da söhbətimizə qoşulur. Kitabı görən balaca elə bərk-bərk bağrına basır ki, elə bil kitabdan atasının qoxusunu alır. Bizi duyğulandıran bu səhnəni izləmək çox ağır olur. Ailə ilə sağollaşıb üz tuturun kəndin digər şəhidi Aslan İsmayılovun ailəsinə. Bizi şəhidimizin atası Əvəz müəllim qarşılayır. Evə daxil oluruq. Zalda şəhidimizin şəklini görməyib, guşəsinin olub-olmamasını soruşuram. Şəhidimizin atasının gözlərindən süzülən yaş damlaları bizə şəhidimizin guşəsinə gedən cığır salır elə bil. Ata qarşısında dayandığı otağın dəstəyini tutub astaca açır. Gördüyümüz mənzərə bizi həm heyrətləndirir, həm də göz yaşlarına boğur. Şəhidimizin öz otağında onun üçün yaradılan muzeyə daxil oluruq sanki, geyimlərindən tutmuş, toxunduğu hər bir şəxsi əşyasının yer aldığı otaqda, yarım qalan arzuların sahibsiz nişan üzüyü də vardı. “Oğlumun mebelin qaytardım”-deyən, atanın göz yaşları ürəyimizə ox olub batırdı. İlahi necə ağırdı, təsəlli verə bilmədiyimiz dərdlərin olması. Hələ də xatırladıqca göz yaşlarımı saxlaya bilmədiyim bu görüşü ömür boyu unuda bilməyəcəm.
Otaqdan çıxıb çay süfrəsində əyləşirik. Söhbətimizə qoşulan şəhidimizin anası bildirir ki, “mənim oğlum Milli Qəhrəmandı. Amma dövlət Milli Qəhrəman kimi təqdim etmir.” Şəhidimizin atası əlavə edir ki, “Aslan İsmayılov 17 il Vətənə xidmət edib. Milli Qəhrəman adı onun haqqındır. Tək bircə arzum balama layiq olduğu dəyərin verilməsidir. Mənim balam geri gəlməyəcək, amma bu qədər əziyyəti görməməzlikdən gəlmək olmaz axı. Tv çəkilişlərdə bizim çıxışlarımızı kəsib paylaşırlar. Özlərinə sərf etdiyi hissələri təqdim edirlər xalqa. Bu bizə qarşı hörmətsizlik deyilmi bəs?
Qəlbimizin yarası azmış kimi, bir də belə hadisələrlə qarşılaşırıq.”
Söhbətimiz maraqlı olsa da vaxt məhdudiyyətindən kitabı ailəyə təqdim edib, ailə ilə sağollaşırıq.
Bu dəfəki ünvanımız Sarvan kəndinin növbəti şəhidi Alməmməd Babayevin ailəsi olur. Ailə ilə görüşüb şəhidimiz haqqında məlumatların yer aldığı “Unutmaq şəhidim!” kitabını təhfil veririk. Otaqda Azərbaycan bayrağı ilə yanaşı Türk bayrağının da olması diqqətimizi çəkir. Masanın üzərindəki şəkildə şəhidimizin yanındakı uşaqlıq dostunun da Vətən müharibəsində şəhid olduğunu öyrənirik. Hər iki şəhidimizə Allahdan rəhmət diləyib, növbəti şəhidimizin ailəsigilə yola düşürük.
Şəhid Tacəddin Əzizovun qardaşı bizi qarşılayıb ailə üzvlərinin Bakıda olduğunu bildirərək, bizi evə dəvət edir. Kitabla tanış olduqdan sonra bizə təşəkkür edərək deyir ki, “kitabı Bakıda anama təhvil verəcəm. Siz nə zaman gəlsəz qardaşımın guşəsində kitabınızı görəcəksiniz.” Doğma münasibiətlə çay süfrəsinə qonağ olmağı təklif etsə də, vaxtımızın olmadığını, daha bir şəhid ailəsinin yolumuzu gözlədiyini bildirib, sağollaşmalı oluruq. Beləliklə Salyan şəhərindən “Unutmadıq Şəhidim!” kitabımda nəşr olunan şəhidlərimizin ailələrini bir-bir ziyarət edib, kitabları təhvil verdikdən sonra yol boyu bizə yoldaşlıq edən şairələrimiz Fatimə Səhhətqızı və Emin Bayramlı ilə də sağollaşıb Hacıqabulun Qızılburun kəndinə doğru səfərimizi davam etdiririk. Artıq hava tamamilə qaralmış olsa da, hər birimiz yorğun olsaq da, şəhid Nahid Soltanovun anasına söz vermişdim ki, oğlundan bəhs etdiyim kitabı ona çatdıracam. Mən sözümdə durdum. Axşam saat 8-də biz artıq Qızılburuna şəhidimizin doğulduğu kəndə çatdıq. Bizi şəhidimizin atası Zahid müəllim qaşıladı. Bir-birimizi ilk dəfə görsək də İradə ana məni doğma balası kimi bağrına basdı. Qızımı, oğlumu elə qucaqlamışdı ki, elə bil nəvələrinə sarılmışdı. Biz birlikdə evə daxil olduq. Evdə təzə dünyaya gəlmiş körpənin olduğunu bildik. Xoş arzularımızı dilə gətirdik. Elə bu zaman yan otaqdan bizə bir uşaq yaxınlaşdı. İradə ana şəhidimizin adını daşıyan nəvəsini bizə təqdim edib, bizi şəhidimizə həsr olunan şəxsi otağa dəvət etdi. Otaq Zahid müəllimin əl işi ilə taxtadan bəzədilmişdi. Bütünlüklə taxtadan yığılan otaqda şəhidimizin şəkilləri yer almışdı. Otağın sırf şəhidimizə həsr olunacağını deyən Zahid ata, həm də şəhidimizin rəsmlərinin rəssamlardan götürüldükdən sonra güşəyə əlavə olunacağını dedi. Diqqətimi çəkən şəhidimizin məzun albomunu vərəqləməyə başlayıram. Bu zaman İradə ana mənə yaxınlaşıb, “bala gör müəllimləri nələr yazıb balam haqqında. Nahid bir an bir yerdə duran uşaq olmayıb. İki oğlum vardı. O qədər fərqli xarakterə malik idi ki, qardaşına heç bənzəmirdi”-deyib kövrəlir. Otaqdan çıxıb çay süfrəsinə yaxınlaşırıq. Biraz söhbət etdikdən sonra yolumuzun uzaq olduğunu bildirib, ayağa qalxırıq. Şəhidimizin ailə üzvləri gəlişimizə çox sevinsələr də, görüşümüzün belə qısa müddətdə sonlanmasından məyus olurlar. Lakin anlayışla qarşılayıb, yola qədər ötürürlər. Beləcə, mən ailəmlə birlikdə bir günə müxtəlif bölgələrdə yaşayan 7 şəhid ailəsini ziyarət edib, şəhidlərimiz haqqında məlumatların yer aldığı “Unutmadıq Şəhidim!” kitabını ailələrə təhvil vermiş oluram.
Ruhunuz şad olsun, Vətənin mərd oğulları!
Esmira Günəş
“Unutmadıq şəhidim!” layihəsinin rəhbəri
Müstəqil.Az