Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb, daha 21 ölüm halı isə təsdiqlənməni gözləyir.
Bu barədə çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Uqandanın 8 rayonundan 135 təsdiqlənmiş və 21 şübhəli Ebola hadisəsi qeydə alınıb. Xəstəlikdən təsdiqlənmiş 53 ölüm və 21 şübhəli ölüm halı var. İndiyədək 62 nəfər sağalıb”, – deyə o, qeyd edib.
Qebreyesus vurğulayıb ki, hazırda əsas diqqət xəstələrin sağlam insanlarla təmaslarının müəyyənləşdirilməsi üzrə işlərin gücləndirilməsinə, eləcə də infeksiyanın yayılmasının qarşısının alınmasına yönəlib.
Xatırladaq ki, Uqanda Səhiyyə Nazirliyi sentyabrın 20-də ölən 24 yaşlı kişidə virusun aşkarlanması ilə ölkədə Ebola xəstəliyinin baş qaldırdığını açıqlayıb. Məlumata görə, hazırkı epidemiya Ebola virusunun nadir Sudan ştamından qaynaqlanır.
Mənbə: TASS