Ürək və qan-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, ölümlə nəticələnən xəstəliklər içərisində ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Mərkəzin hesabatına görə, təkcə yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68%-nə bərabərdir.
Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzin 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ramella Quliyevanın sözlərinə görə, ilkin səhiyyə xidməti üzrə aparılan araşdırmalar göstərir ki, ürək və qan-damar xəstəlikləri səbəbi ilə dünyasını dəyişənlərin böyük əksəriyyəti uzun müddət ürəyində yaranmış problemdən xəbərsiz olur və ölüm hadisəsi baş verdikdə digər insanlar bunu “vaxtsız gələn ölüm” hesab edir: “Ailə (sahə) həkimləri onları müvafiq tibbi müayinələrdən keçirir, lazım olduğu təqdirdə həkim-kardiolaqa, müvafiq qan analizlərinə yönləndirir. Xəstələrin müvafiq olaraq elektrokardioqramma və exokardioqrafiya müayinələrindən keçirilməsi onlarda sonradan ağır fəsadlara səbəb ola biləcək ürək-damar xəstəliklərinin aşkarlanmasına səbəb olur. Çox yaxşı olardı ki, ürəkdə müəyyən ağrılar baş verməsə belə insanlar hər ehtimala qarşı 6 aydan bir və ya ildə bir dəfə profilaktik müayinələrdən, ümumi yoxlanışlardan keçsin”.
R. Quliyeva bildirib ki, ürəyin işemik xəstəliklərində irsi, yaş faktorlarının da rolu var: “Xüsusilə yaxın ailə üzvlərini bu xəstəliklər səbəbindən itirən insanların tibbi müayinələrə daha həssas yanaşmaları, ailə həkimləri ilə sıx əlaqə yaratmaları önəmlidir. O cümlədən, piylənmədən əziyyət çəkənlər, şəkərli diabet xəstələri, zərərli vərdişləri olan şəxslər, yaşlı insanlar, qanı tez laxtalanan, xolesterini yuxarı olan insanlar da əsas risk qrup hesab edilir”.