“Ürəklərdə deyil, məscidlərdə,kilsələrdə axtarılacaq Yaradan…” – Aysel Nəsirzadə

Bir gün…
 
Bir gün mütləq düzələcək dediyimiz bu dünya
Düzəlməyəcək
Utopik düşüncələr gəncliyimizin başın qatan xəyal,
Qəhrəman olma arzularımıza bir xülya.
Nə qədər özümüzü aldadaq yalanlara-dolanlara,
bəzəkli don geyindirsək də,günahın öz rəngi qara.
Yenə zaman-zaman nə qədər İsalar çəkiləcək çarmıxa,
Həqiqəti hayqırarkən Nəsimilər soyulacaq,
Təzə dinlər yaranacaq insanları islaha.
Kəlamlar söylənəcək, Allahı tanıtmaq üçün.
Yenə səhv göstəriləcək ünvanlar.
Ürəklərdə deyil məscidlərdə,kilsələrdə axtarılacaq Yaradan.
Daşlara diz çöküləcək,əzizlənib öpüləcək,
Cənnətlə dilə tutulub, Cəhənnəmlə hədələnəcək insanlar.
Dünyanı qurtarmaq üçün neçə-neçə Janna Darklar yanacaq alovlarda.
Dərsliklərə mövzu üçün
Yenə tarix qəhramanlar axtaracaq qurbanlarda,
Boğulacaq diz altında məzlumlar,
Boş ümidlə zalımların cəzasını gözləyəcək
ədalətə inananlar.
Yenə dünya birləşəcək, bölünəcək,
Yenə Suriyada qəlpə yarasından,
Afrikada acından öləcəklər,
neçə günahsız körpələr
Yenə dünya susacaq Xocalıya,
Qarabağın adı hələ çox yaşayacaq
Şeirlərdə,mahnılarda , kafe-restoranlarda.
Atəşkəs adı altında neçə evə od düşəcək,
Neçə ana ürəyinə sevinc hissi yad düşəcək,
ən şirin arzuları üşüyəcək…
Neçə ata çiyinləri nəvə üçün genişlənib
Oğul tabutuna “vətən sağ olsun”deyib dirək olacaq.
Yenə xalqın ən kasıb balası vətəni qorumağa gərək olacaq.
Min dəfə tövbə etsə belə insan oğlu
günah etməkdən çəkinməyəcək
Xirtdəyi dolana qədər,
Yeriməyə başladığı gündən,
“İsrafil surunu çalana qədər”
Aysel Nəsirzadə
Share: